
İspaniya II Liqasında mübarizə aparan “Ovyedo” La Liqaya yüksəlmək üçün pley-off finalının cavab oyununda “Mirandes”i əlavə vaxtda 3:1 hesabı ilə məğlub edib.
Apasport.az xəbər verir ki, komanda qarşılaşmada ümumi hesabı 3:2 edərək 24 ildən sonra İspaniyanın yüksək divizionunda oynamaq hüququ qazanıb.
Oyunda “Ovyedo”nun ilk qolunu komandanın 40 yaşlı məşhur kapitanı Santi Kasorla vurub. İspaniya millisinin sabiq üzvü meydandakı performansı ilə yanaşı, klub üçün illərdir göstərdiyi sadiqlik və fədakarlıqla da seçilir. O, 2012-ci ildə uşaqlıq komandası iflas təhlükəsi ilə üzləşəndə öz cibindən maddi dəstək göstərib. İki il əvvəl Oviedo’ya geri dönərkən isə maaşdan imtina edərək yalnız minimum əmək haqqı ilə oynamağa razılaşıb və əsas məqsədinin klubu La Liqaya çıxarmaq olduğunu bildirib. Həmçinin forma satışlarından əldə olunan gəlirin 10 faizinin klubun akademiyasına yönəldilməsini istəyib. Bu gün, 40 yaşında pley-off finalında qol vuraraq həm şəxsi arzusunu gerçəkləşdirib, həm də yetirməsi olduğu “Ovyedo”nu La Liqa’ya daşıyıb.
Qeyd edək ki, “Ovyedo” sonuncu dəfə 2000/01 mövsümündə elitada çıxış edib.