Uruqvay millisinin qapıçısı Fernando Muslera Libertadores Kubokunun yarımfinalında möhtəşəm performansı ilə diqqət çəkib.
Apasport.az xəbər verir ki, 40 yaşlı qolkiper Argentina təmsilçisi “Estudiantes”in Braziliyanın “Flamenqo” klubuna qarşı səfər matçının qəhrəmanına çevrilib.
Rio-de-Janeyrodakı “Marakana” stadionunda keçirilən qarşılaşmanın əsas vaxtı 0:0 hesabı ilə başa çatıb. Argentinada baş tutan ilk görüş də qolsuz yekunlaşdığından finalçının adına penaltilər seriyasında aydınlıq gəlib.
Muslera penaltilər seriyasında rəqibin üç zərbəsini dəf edərək komandasına 3:2 hesablı qələbə qazandırıb. Uruqvaylı qapıçı Jorjinyo, Lukas Paketa və Bruno Enrikenin zərbələrini qaytarıb.
“Estudiantes” matçın 50-ci dəqiqəsindən etibarən azlıqda mübarizə aparıb. Baltasar Rodriqes ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Qeyd edək ki, Argentina təmsilçisi noyabrın 28-də keçiriləcək finalda Braziliyanın “Palmeyras” klubu ilə qarşılaşacaq. Həlledici görüş Uruqvayın paytaxtı Montevideodakı “Sentenario” stadionunda baş tutacaq.
Xatırladaq ki, Muslera 2011–2025-ci illərdə “Qalatasaray”ın formasını geyinib. O, 2025-ci ilin yayından “Estudiantes”də çıxış edir.