“Qalatasaray”ın futbolçusu mərc qalmaqalı ilə bağlı açıqlama yayıb: DAHA DİQQƏTLİ OLACAĞAM
11.11.2025 - 00:53
“Qalatasaray”ın futbolçusu mərc qalmaqalı ilə bağlı açıqlama yayıb: DAHA DİQQƏTLİ OLACAĞAM

Adı mərc oyunları ilə hallanan “Qalatasaray”ın futbolçusu Metehan Baltacı sosial media hesabında açıqlama yayıb.

Apasport.az xəbər verir ki, 23 yaşlı müdafiəçi paylaşımında adının mərc qalmaqalı ilə hallanmasına görə təəssüf hissi keçirdiyini dilə gətirib:

“Adımın Türkiyə Futbol Federasiyası tərəfindən aparılan intizam prosesi çərçivəsində hallanması ilə bağlı ictimaiyyəti düzgün məlumatlandırmaq istəyirəm. Formasını geyindiyim hər klubun və onun azarkeşlərinin qarşısında məsuliyyət hissi ilə hərəkət etməyə çalışmışam. İllər əvvəl, məsələnin ciddiliyini tam dərk etmədən bir mərc əməliyyatı etmişəm. Daha sonra bunun idmançı duruşuna uyğun olmadığını düşündüyüm üçün həmin fəaliyyəti dayandırmışam. Bildirmək istəyirəm ki, bu hadisənin formasını geyindiyim komandaların oyunları ilə heç bir əlaqəsi olmayıb. Mən futbolun ədalətinə inanan bir idmançıyam və bu həqiqətin tezliklə üzə çıxacağına inanıram. Adımın belə bir mövzu ilə gündəmə gəlməsindən olduqca məyusam. Xüsusilə vurğulamaq istəyirəm ki, bu gündən etibarən həyatımın hər sahəsində daha diqqətli davranacağıma bütün futbol ictimaiyyəti qarşısında söz verirəm".

Qeyd edək ki, Türkiyə Futbol Federasiyası (TFF) 1024 futbolçunun mərc oyunlarında iştirakına görə Peşəkar Futbol İntizam Komitəsinə (PFDK) göndərildiyini açıqlayıb.