“Azarkeşlər gözləyirlər deyə, “Qarabağ” qrupa düşməlidi?” - MÜSAHİBƏ
17.06.2014 - 14:41
“Azarkeşlər gözləyirlər deyə, “Qarabağ” qrupa düşməlidi?” - MÜSAHİBƏ

“Qarabağ” klubunun müdafiəçisi Maksim Medvedevin apasport.az saytına müsahibəsi

 

- Komandanız artıq Çempionlar Liqasının oyunlarının hazırlığına başlayıb. Məşqlər necə gedir?

- Hamı canla-başla məşq edir, ab-hava yaxşıdır. Millinin ABŞ-la yoldaşlıq görüşündə iştirak etdiklərinə görə, hazırlığa gec qoşulan futbolçular olub. Onlar fərdi məşqlərlə kifayətlənirlər. Komanda isə topla çalışmaları yerinə yetirir. Buna görə də hələ onlara qoşulmamışıq. Harda fiziki durumumuzu yüksəltməyə çalışırıq. Yaxın günlərdə kollektiv məşqlərə qatılacağıq. Daha sonra Avstriyaya yollanacağıq. Orada bizi çətin oyunlar gözləyir. Artıq yeni transferlər də məşqlərə qoşulub.

 

- Yeni gələnlərdən Danilo Dias daha çox maraq doğurur. Portuqaliyalı futbolçu haqda nə deyə bilərsiniz?

- İndi konkret fikir bildirməyim düzgün olmaz. Çünki onunla birgə məşq etməmişik.

 

- Karyerası baxımından da fikir yürütmək olmaz? “Qarabağ”a kömək edə biləcək gücdədir?

- Karyerası haqda heç nə eşitməmişəm, maraqlanmamışam da. Məncə, “Qarabağ” heç vaxt pis futbolçu transfer etməz. Komandaya kömək edəcək gücdə olduğuna inanıram. Əsas odur ki, kollektivə qoşulsun, uyğunlaşsın. Bu baxımdan problem olacağına inanmıram.  

 

- Hələlik 3 transfer edilib ki, onlardan ikisi gənclərdir. Onlar Çempionlar Liqasında komandaya kömək edə biləcəklər?

- Bu, hələ son deyil. Bəlkə başqa kimisə alıblar? Bu haqda heç nə danışa bilmirəm. Tərlan Quliyevlə  Cavid Tağıyevi isə yaxşı tanıyırıq. Hər ikisi gənc və perspektivli futbolçulardır. Oynadıqları klublarda özlərini yaxşı tərəfdən göstərə biliblər. Yeni futbolçuların gəlişindən sonra güclü rəqabət olacaq.  

 

- Avstriyada keçirəcəyiniz toplanış zamanı “Şaxtyor”la qarşılaşacaqsınız. Belə adlı-sanlı rəqiblə oyun ağır olmayacaq?

- Ağır olsa da, bizim üçün yaxşıdır. Çünki çempionlar Liqasında bizi heç də asan oyunlar gözləmir. Heç kim rahat oynamağa imkan verməyəcək. Ona görə də “Şaxtyor” kimi komanda ilə oynamağımız sevindirici haldır.

 

- Heyətdə rəqabətin gücləndiriləcəyini dediniz. Amma bəzi futbolçular var ki, ehtiyatda qalacağından ehtiyat edib, başqa komandaya keçmək istəyirlər. Xüsusilə, Vüqar Nadirovun başqa komandaya keçəcəyi deyilir...

- Vüqarın ehtiyatda qalacağı ilə bağlı heç nə eşitməmişəm. Özünü yaxşı tərəfdən göstərsə, oynayacaq. Onun komandadan ayrılacağına inanmıram. Ola bilsin, düzgün yazılmayıb.

 

- Rəşad Sadıqovun zədəsinin ciddi olduğu deyilir. Onun rəsmi oyunlarda komandaya kömək edə bilməyəcəyi çıxışınıza təsir edəcəkmi?

- Rəşadın belində ağrılar var. Müalicə kursu keçir. İnanıram ki, sağalıb, komandaya kömək edəcək. Bizim üçün lazımlı futbolçudur. Tezliklə sıralarımıza dönəcəyini düşünürəm.

 

- Əksər azarkeşlər, mütəxəssislər “Qarabağ”ın qrup mərhələsinə vəsiqə qazanacağını düşünür. Bu futbolçular üzərində təzyiq yaradırmı?

- Gözləyirlər deyəndə ki, öz işləridir, gözləsinlər. Azarkeşlər gözləyirlər deyə, “Qarabağ” qrupa düşməlidi? Sabah qrupa düşsək, bizdən çempionluq istəyəcəklər. Hələ rəqiblərimiz bilinsin, görək kimlərlə oynayacağıq, mərhələ adlayacağıq, ya yox. Qrup mərhələsi haqda danışmaq hələ tezdir. Hər şey ilk oyundan asılıdır.

 

0