“Qəbələ”nin futbolçusu Asif Məmmədovun apasport.az saytına müsahibəsi
- Kubokun finalına doğru iri addım atdığınızı söyləmək olarmı?
- Maraqlı oyun alındı. Səfərdə vacib qələbə qazandıq. Amma finala çıxmaq üçün hələ bizi 90 dəqiqəlik mübarizə gözləyir. Tapşırığın öhdəsindən 50 faiz gəlmişik. Cavab oyununda da üstünlüyümüzü əldən verməməliyik.
- 3:1 hesablı səfər qələbəsindən sonra cavab oyununda sizi nə qorxuda bilər?
- Futboldu, hər şey baş verə bilər. Arxayınlaşmaq olmaz. Bu baş versə, işimiz çətin olacaq. “İnter” zəif, asan məğlub ediləcək rəqib deyil. Heyətlərində güclü futbolçular var. Buna görə də ehtiyatlı olmalıyıq.
- Proqnozlar finalda “Qarabağ”la “Qəbələ”nin üz-üzə gələcəyinə işarə edir...
- Biz belə düşünmürük. Cavab oyunlarımız var. Belə düşünsək, bizə baha başa gələ bilər. Bundan əvvəl “Zaqatala” ilə qarşılaşmışdıq. Həmin oyuna rahat çıxdıq və penalti zərbələri zamanı qələbə qazandıq. Ona görə də ciddi olmalı, işimizə məsuliyyətlə yanaşmalıyıq.
- Final oyunu Naxçıvanda keçiriləcək. Uzun müddətdi həmin arenada futbol oyunu keçirilmir. Belədə qazonun durumu sizi narahat etmir?
- Əsas meydançanın durumudu. Elə etmək lazımdı ki, qazon finala layiq olsun. Bizim futbolçular yaxşı meydançada oynamağı xoşlayır. Vaxt var, yəqin düzəldəcəklər. Əvvəlki illərdə həmin stadionun vəziyyəti ürəkaçan deyildi.
- Sabah “Zirə” ilə çempionat oyununuz var. Qış fasiləsindən sonra Bakıdakı oyunda son saniyələrdə buraxdığınız qola görə qələbəni əldən verdiniz...
- Çempion olmaq istəyiriksə, qələbə qazanmalıyıq. Doğma meydan amilindən istifadə etməliyik. Düzdü, bir neçə gün əvvəl kubok oyununda iştirak etmişik. Amma bu heç nəyi dəyişmir. Çempionluğa gedən yolda oyunları maksimum nəticə ilə başa vurmalıyıq.
- “Zirə”nin “Qəbələ” ilə heç-heçə etdiyi oyundan sonra xüsusi sevinc hiss yaşaması uzun müddət müzakirələrə səbəb oldu. Siz həmin sevinci nə ilə bağladınız?
- Başqa söz deməyəcəm. Onların o cür sevinmələrini son saniyələrdə qol vurmaları və xal qazanmaları ilə bağlayıram. Əlavə fikir bildirməyəcəm. Fikrim, futbol oynamaqdı.
- “Neftçi”yə məğlubiyyəti necə, çempionluq yolunda həlledici zərbə hesab etmək olarmı?
- “Neftçi”yə uduzduq, AZAL-la heç-heçə etdik. Təki sonluq yaxşı alınsın, amma bu matçlarda itirdiyimiz xallar cədvəldəki mövqeyimizə təsir etdi.
- Qrafik də sizin üçün uğurlu deyil. Gələn həftə də Bakıda “Qarabağ”ın qonağı olacaqsınız. Çempionun adının bu dueldə açıqlanacağını gözləməyə dəyərmi?
- “Qarabağ”a qədər “Zirə” ilə oyunumuz var. Hələ bu oyunu qələbə ilə başa vuraq. Sonra “Qarabağ” haqda düşünərik. Qalan 5 oyun həm bizim, həm də “Qarabağ” üçün çətin olacaq. Sona qədər kim az xal itirsə, zirvədə də o yer alacaq.
- Kubok oyunlarını da əlavə etsək, apreldə 6 oyun keçirəcəksiniz. Maneələr artmayacaq?
- Heyətimiz genişdi, buna görə də problemlə üzləşəcəyimizə inanmıram. Baş məşqçimiz də seçim edəcək. Əlbəttə, qrafik bu qədər sıx olmasaydı, daha yaxşı oynamaq olardı.
- Çempion olmaq tapşırığı üzərinizdə təzyiq yaratmır?
- Çalışırıq ki, bu tapşırığı yerinə yetirək. Amma təzyiq hiss etmirik. Ötən il mövsümün əvvəlində şansımız var idi, amma sona yaxın bu üstünlüyü itirdik. Lakin cari çempionatda buna yaxınıq. Tarixi şansı qaçırmaq istəmirik. Heyətimizdə çempion olmağa qadir futbolçular yer alıb. Hər birimiz bunu istəyirik.
- Son günlərdə milli komandaya dəvət edilməyən Rauf Əliyev. Nizami Hacıyevlə bağlı Robert Prosineçkiyə iradlar bildirilir. Amma siz yada düşmürsüz. Niyə kölgədə qalmısınız?
- Qış fasiləsindən sonra cərrahiyyə əməliyyatı olundum. Təxminən 1 ay futboldan kənarda qaldım. Həmin vaxt milli toplandı, baş məşqçi də futbolçular arasında seçim etdi. Kim layiqdisə, o da oynasın. Heç kimin haqqı tapdanmasın.
- Siz özünüzü layiq olanlar sırasında görürsünüzmü?
- Özüm haqda danışmağım etik cəhətdən düzgün olmazdı. Kənardan izləyirlər, fikir bildirsələr yaxşıdı. Özümü tərifləyəsi deyiləm. Bu suala millinin baş məşqçisi cavab verə bilər. Amma millidə oynamaq istərdim, çünki indiyə qədər yığmaya dəvət edilməmişəm.