AZAL-ın müdafiəçisi Rail Məlikovun apasport.az saytına müsahibəsi.
- Cari mövsüm çempionatda “Neftçi”yə uduzmamışdınız. Amma turnirə elə “Neftçi”dən aldığınız yenilgi ilə başladınız...
- Açığı, yorğun idik. İki məşq, dünən “Sumqayıt”la oyun təsirini göstərmişdi. Nə qədər yorğun olsaq da, mövqeyimizi ortaya qoyduq, əlimizdən gələni etdik. Oyunun gedişində 10 nəfərlə qalsaq da, pis oynamadıq. Bu cür oyunlarda nəticədən daha çox komandadakı problemləri ortaya çıxarmaq vacibdi.
- Az hərəkət etməyiniz, 90 dəqiqəni sanki yola verməyiniz də bundan irəli gəlirdi?
- Biz oynadıq, yola vermədik. Sadəcə, yorğun olduğumuzdan psixoloji baxımdan toparlana bilmədik. Çünki dünən axşama doğru oynadıq, bu gün də günorta saatlarında meydana çıxdıq. Birinci hissədə oyun sönük keçdi. İkinci hissədə toparlandıq. Oyunumuzu tapdıq, hücumlar qurduq.
- Premyer Liqadakı əsas rəqibinizlə matçda sizin üçün prinsipiallıq var idi?
- İntriqa deyəndə, təbii ki, qələbə hər iki komandanın məqsədi idi. Hansısa gərginlik yox idi. Çalışdıq, öz oyunumuzu nümayiş etdirək. Bu gün şans onların tərəfində idi. Çempionatın oyunları fərqli ab-havada keçir. Onda oyuna hazırlaşma da başqa cür olur.
- Birinci dəstə təmsilçiləri ilə oyunlara necə, motivasiya ola biləcəksiniz?
- Onlara zəif kimi yanaşmaq olmaz. Əksinə, Premyer Liqa klublarına qarşı tam gücləri ilə mübarizə aparacaqlar. Çünki hər biri güclülər dəstəsinə yüksəlməyə çalışır. İkiqat əzmlə hazırlaşmaq lazımdı.
- Bu, sözdə belədi, amma meydanda əksər hallarda əksini görürük...
- Yenə deyirəm, bu dəfə fərqli olacaq.
- Antalyaya getməməyinizin oyununuza təsiri olacaqmı?
- Antalyaya əsasən rəqiblərə görə gedirdik. Amma bu gün Bakıda rəqib tapmaq problem deyil. Buna görə burda hazırlıq keçmək çətinlik yaratmayacaq. Yayda, qızmar günəş altında Bakıda hazırlaşdıq. Ancaq heç bir problemlə üzləşmədik. Bu dəfə də hansısa problem olmayacaq.