[b]“Bizim üçün final erkən başlayacaq” – Qallo[/b]
17.09.2016 - 00:47
[b]“Bizim üçün final erkən başlayacaq” – Qallo[/b]

Futzal üzrə dünya çempionatının final mərhələsində çıxışını davam etdirən Azərbaycan yığması İranla oyuna hazırlaşır. Millimizin müdafiəçisi Everton Kardosa (Qallo) qrupdan çıxmaq baxımından həlledici olan oyunöncəsi apasport.az saytına müsahibə verib.

 

- Qrup mərhələsində ratıq iki oyun keçirmisiniz. Nəticələri normal qəbul etmək olar?

- İlk oyunda Mərakeşlə qarşılaşdıq. Çətin oyun idi. Çünki start hər zaman ağır olur. Nəticə yaxşı idi, amma birinci oyun olduğuna görə, istər-istəməz əsəbi, gərgin olursan. Bu da öz oyunnuna mənfi təsir göstərir. Çətin də olsa, bu mərhələni dəf etdik. Növbəti rəqibimiz olan İspaniya əksinə, çox güclü komandadı. Onlara qarşı yaxşı oynadıq. Nəticə istədiyimiz kimi alınmasa da, mübarizə apardıq. Təssüf ki, onların iki qolu rikaşetdən vuruldu. Standart vəziyyətdən də istifadə etməyi bacarırlar. İndi daha bir həlledici oyuna çıxmalıyıq.

 

- Nəticələr ortadadı. Bəs oyun planında hansı matçdakı çıxışı üstün saymaq olar?

- Mərakeşlə oyunda psixoloji təsir çox idi. Debüt etdiyimiz yarışda hamı qələbə gözləyirdi. Rəqibimiz də istəyirdi ki. 3 xal qazansın. Biz həm psixoloji baryeri aşmalı, həm də lazımi nəticəni qazanmalıydıq. Həmin oyunda nəticə ön planda dururdu. İspaniya ilə oyunda isə vəziyyət fərqli idi. Uduzmamağa çalışdıq, alınmadı. Uduzsaq da, onlara qarşı daha yaxşı oynadığımızı düşünürəm.

 

- İspaniya ilə oyunun ikinci hissəsində yorğunluq hiss olunurdu...

- Çünki az futzalçımız var. Eyni oyunçular meydanda çox qalanda tez yorulur. Nəticədə fiziki baxımdan çatdırmırsan. Bu amil təsirini göstərdi.

 

- Qrup mərhələsini ikinci pillədə başa vurmaq potensialı nə dərəcədə realdı?

- Məqsədimiz budur. Kolumbiyaya gələn zaman birinci və ya ikinci yeri tutmağı qarşımıza hədəf qoymuşduq. İspaniya aşkar favoritdi. İran da güclü komandadı. Bu cür yarışlarda təcrübəsi böyükdü. Ancaq İspaniyaya qarşı oyunumuz sübut etdi ki, istənilən rəqibə qarşı oynaya bilərik. Niyə də bu şansdan istifadə etməyək?

 

- İranla oyunu final matçı hesab etmək olarmı?

- Zatən biz də belə düşünürük. Bu, ən çətin oyunumuz olacaq. Bizim üçün final erkən başlayacaq, deyə bilərəm. Onlar da güclü rəqibdirlər.

0