“İnter”lə oyunda böyükhesablı qələbə qazanan və ardıcıl dördüncü dəfə çempion olan “Qarabağ”ın hücumçusu Dino Ndlovu oyundan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.
- Həm qələbə, həm də çempionluq münasibəti ilə təbrik edirik. Təəssüratlarınızı bölüşməyinizi istərdik…
- Təcrübəmə əsaslanaraq deyirəm ki, budəfəki çempionluq daha çətinliklə əldə edildi. Çünki zədəli futbolçularımız çox oldu. Amma böyük klub olduğumuzu bir daha sübut etdik. Rəqibdən bütün komponentlərdə üstün oynadıq və layiqli qələbə qazandıq.
- “İnter”lə oyunda vurduğunuz 2 qolun çempionluq üçün böyük əhəmiyyət daşıdığını demək olarmı?
- Vacib olan komandanın nəticəsidi. Razıyam, vurduğum iki qol oyunun nəticəsini müəyyənləşdirdi. Amma nəticədə 3 xal qazandıq, qollar çempionluq gətirdi. Bu məqam şəxsi baxımdan ciddi önəm daşımasa da, komanda üçün faydalı oldu.
- Bombardirlərin yarışında Filip Ozobiçdən sonra ikinci yerdə qərarlaşmısınız. Bəlkə bu sahədə də yarışasınız?
- Fərdi nəticələr, titular mənim üçün əhəmiyyət daşımır. Əvvəllər belə titullarım olub. Amma “Qarabağ”da komanda ruhu var. Komanda şəklində uğur qazanmaq daha vacibdi.
- Son vaxtlar sanki mətbuatdan incimisiniz?
- Bizim işimiz meydandadı, futbol oynnamaqdı. 10 gün ərzində 3-4 oyun keçirdik. Bütün diqqətimizi həmin oyunlara yönəltmişdik. Azarkeşlərimizi boş yerə, sözlərlə ümidləndirmək istəmirdik. Artıq nəticəni əldə etdik və qarşınızdayam, suallarınızı cavablandırmağa hazıram.
- Premyer Liqanın qarşıdakı iki oyununu ölkə kubokunun final matçına hazırlıq kimi dəyərləndirmək olarmı?
- Hər bir oyuna ciddi yanaşırıq. Çempionat hələ başa çatmayıb. Həmin oyunlardan maksimu – 6 xal qazanmaq istəyirik.