“Bu oyundakı məğlubiyyətə görə narahat olmağa dəyməz. Sadəcə sınaq matçı idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Dani Kintana deyib.
Antalyadakı təlim-məşq toplanışı çərçivəsində baş tutan “Yaqelloniya” ilə sınaq matçından sonra polşalıların rəsmi saytına açıqlamalar verən ispan futbolçu keçmişkomandası ilə qarşılaşmanı dəyərləndirib: “Oyuna tam hazır idik, ancaq bir neçə dəfə şansımız olsa da, qalib gələ bilmədik. “Yaqelloniya”nın da çoxlu qol şansları olduğunu demək olmaz. Ancaq əsas məsələ budu ki, onlar ələ keçən fürsətlərdən birindən istifadə etdilər və hədəfə çatdılar. Matç ərzində topu çox saxladıq, bir neçə dəfə öz hücumumuzu qurmağa çalışdıq, ancaq rəqib də bizə çox imkan vermədi”.
Qarşılaşmaya hücumçusuz çıxdıqlarını deyən Dani əslində bunun bəhanə olmadığını vurğulayıb: “Qeyd etməliyik ki, bu oyuna hücumçusuz çıxmışdıq. Ancaq bu, bəhanə ola bilməz. Biz onlarsız da kifayət qədər şans əldə edə bilərik və etməliyik”.
İspan yarımmüdafiəçi klubun qarşıdakı hədəfləri barəsində də danışıb: “Kefimizi pozmuruq. Ölkəmizə qayıdıb bizim üçün ən vacib olan daxili çempionat üçün hazırlıqlarımızı davam etdirəcəyik. Əsas hədəfimiz sona qədər liderliyimizi qoruyub, ardıcıl 3-cü dəfə çempion olmaqdır”.