[b]“Bu komanda ilə mükafat qazanmaq qeyri-mümkündü” – Aqolli[/b]
07.11.2017 - 10:10
[b]“Bu komanda ilə mükafat qazanmaq qeyri-mümkündü” – Aqolli[/b]

“Qarabağ” Çempionlar Liqasında yaxşı çıxış edir. Komanda bütün gücünü qoyaraq məqsədinə çatdı. Əlbəttə ki, özümü Çempionlar Liqasında görmək xoşdu”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Qarabağ”ın müdafiəçisi Ansi Aqolli deyib.

 

Ölkəsində supersport.al saytına açıqlama verən Albaniya millisinin üzvü “Skenderbeu”ya keçəcəyi ilə bağlı məlumatı təkzib edib. O, Azərbaycanda özünü yaxşı hiss etdiyini bildirib: “Qarabağ”la müqaviləm davam edir. Bu klubda özümü yaxşı hiss edirəm. Hələ burda qalmaq fikrindəyəm”.

 

Bununla belə, Aqolli karyerasını Azərbaycan çempionunun heyətində başa vurmaq fikrində deyil. O, son illərini ilk klubu “Tirana”da keçirmək arzusunda olduğunu gizlətməyib: “Karyeram ərzində istədiyim çox şeyə nail olmuşam. Nəyinsə uğrunda mübarizə aparanda, bunu mütləq əldə edirsən. Karyeramı bitirənə qədər bir arzum var. “Tirana” ilə daha bir dəfə çempion olduqdan sonra futboldan getməyi düşünürəm. Bu komandada keçirdiyim emosiyaları heç vaxt unutmaram. “Tirana”da gözəl günlər keçirmişəm. Bu kluba qarşı gözəl hisslərim var”.

 

Aqolli noyabrın 13-də Türkiyə ilə yoldaşlıq görüşü üçün Albaniya millisinə çağırılmamasının səbəbini də açıqlayıb. 35 yaşlı cinah oyunçusu baş məşqçi Kristian Panuççinin bu seçimini normal hesab edir: “Panuççi mənə zəng edib əminliyini ifadə etdi. Onun üçün mən yığmada vacib oyunçulardan biri olmaqda davam edirəm. Baş məşqçi Albaniya futbolu ilə bağlı uzunmüddətli layihə hazırlayıb və bir çox futbolçunun milliyə layiq olduğunu düşünür. Yoldaşlıq oyunu olduğundan, bəzi futbolçular kimi, mən də bu toplanışda iştirak etmirəm”.

 

2005-ci ildən Albaniya yığmasının formasını geyinən kapitan milli karyerasını bitirməyə də tələsmir: “Futbolda proqnoz vermək mümkün deyil. Milli karyeramı nə qədər davam etdirəcəyimi indidən deyə bilmərəm. Hələ də özümü yığmada oynamağa hazır sayıram. Mən millinin kapitanıyam və Avropa çempionatında iştirak etmişəm. Bu komanda ilə hansısa mükafatı qazanmaq isə qeyri-mümkündü”.

0