“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl “Neftçi” ilə oyundan sonra (0:0) apasport.az saytnın əməkdaşlarının da suallarını cavablandırıb.
- “Neftçi”yə onun meydanında qalib gələrək, mərhələ keçməyi çox istəyirdiniz. Bunu da bacardınız, nə hiss edirsiniz?
- Əvvəla, “Neftçi”ni 80 illik yubileyi münasibətilə təbrik edirəm. Bu, möhtəşəm bir tarixdir. Hamımızın fəxridir. Ancaq “Qarabağ” da tarixi klubdu. Bu gün də matça üstünlüklə başlamışdıq. Gözəl də oyun oldu. Çox razıyam.
- Demək olar ki, ikinci heyətlə oynayırdınız, ehtiyat qüvvədən razı qaldınız?
- Yaxşı oynadılar. Əsas odu ki, nəticə əldə etdik. Bilirik ki, qarşıdan gələn “Qəbələ” ilə oyun çox vacibdi, ona görə də Qurban hocanın rotasiya qərarını anlayıram. Bu, mənim şəxsi fikrimdi, baş məşqçi belə düşünürmü, bilmirəm. Çünki “Qəbələ” ilə oyun çempionluğun taleyini həll edə bilər.
- “Qəbələ” ilə finalda da oynayacaqsınız...
- Hədəfimiz “qızıl dubl”du. “Qarabağ” adı ilə, oyunu ilə buna layiqdi, ancaq rəqib də layiqli komandadı. Çox həyəcanlı, çox maraqlı qarşılaşma olacaq.
- “Qəbələ” “Qarabağ”a qarşı sanki xüsusi motivasiya ilə çıxış edir...
- Mən fikir vermişəm ki, bütün komandalar bizə qarşı xüsusi əzmkarlıqla çıxış edirlər. Bizim də çatışmayan cəhətimiz var ki, o da nisbətən zəif rəqiblərə qarşı oyunlarda “boşalmalar” olmasıdır. Çox çətin, çox mürəkkəb oyun olacaq.
- Seçim qarşısında olsanız, kuboku seçərsiniz, ya çempionluğu?
- Bunu indiki zamanda demək düzgün deyil, ancaq əlbəttə ki, çempionluq. Ən yaxşı halda isə biz hər iki mükafata namizədik. Çünki bu, tarixdi. Biz o tarixi yazmalıyıq.
- Reynaldo “Qarabağ”dan getdikdən sonra yeni komandasında heyətə düşə bilmir. Ona yazığınız gəlirmi?
- O, çox istedadlı futbolçudu. Bilmirəm, səbəbi nədi.
- Kubokun finalı Naxçıvanda olacaq...
- Əla, əla, dəstəkləyirəm. Gedib Batabatda kabab yemək istəyirəm. Çox sevindim, təki bölgələrdə futbol olsun. Naxçıvan da bizimdi.
- Azarkeşlərin Muxtar Respublikaya getməsinə kömək edə biləcəksinizmi?
- Xeyr, ona söz verə bilmərəm. Onsuz da, Naxçıvana getmək, Gədəbəyə getməkdən ucuz başa gəlir. Azarkeşlərimizi dəvət edirəm ki, gəlib bizi izləsinlər. Həm də bütün yükü bir sponsorun üstünə atmaq olmaz ki. Hamımız dəstək olmalıyıq. Azarkeşlər də, digər imkanlı şəxslər də. Mən xaricdə yaşayan bütün imkanlı şəxsləri dəvət edirəm ki, bizə bu ağır yükümüzdə yardımçı olsunlar.