[b]“Ədalətli nəticə oldu” - MÜSAHİBƏ[/b]
08.04.2018 - 22:04
[b]“Ədalətli nəticə oldu” - MÜSAHİBƏ[/b]

“Neftçi”nin hücumçusu Mirabdulla Abbasov Topaz Premyer Liqasının XXII turunda “Sumqayıt”la (2:2) qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb. Apasport.az saytının əməkdaşının da iştirak etdiyi müsahibədə gənc forvard nəticəni ədalətli hesab edib.

 

- İlk olaraq oyun haqda fikirlərinizi bildirərdiniz...

- Təəssüf ki, görüş heç-heçə nəticələndi. Qələbə də qazana bilərdik, uduza da. Hər iki komandanın qol vəziyyətləri oldu. Fikrimcə, ədalətli nəticə oldu.

 

- Bu xal itkisi ölkə kubokunun yarımfinal mərhələsində “Qəbələ” ilə qarşılaşmada sizə mənfi təsir etməyəcək?

- Düşünmürəm. Bundan da yaxşı hazırlaşıb, meydanda əlimizdən gələni edəcəyik. İnşallah, finala yüksələrik.

 

- İkinci hissəni daha yaxşı keçirdiniz. Baş məşqçiniz fasilədə hansı tapşırıqları verdi?

- İlk yarıda da istəkli idik. Amma ikinci hissədə oyunumuz daha yaxşı alındı. Nəticədə ikinci qolu vurub önə keçdik. Qol vəziyyətləri yaratsaq da, istifadə edə bilmədik.

 

- Tərlan Əhmədov əvvəllər sizdən narazılıq edirdi. Amma son vaxtlar müntəzəm əsas heyətdə yer alır, qollar vurursunuz. Bunu nə ilə əlaqələndirərdiniz?

- Hər bir futbolçu şans qazandıqca, oynadıqca “artırır”. Çox şadam ki, oynayıram, qollarımı vururam.

 

- Doğma meydanda qazanılan 1 xal sizə sərf edir?

- Meydana qələbə üçün çıxmışdıq. Bu, çox vacib idi. Çünki qalib gəlsəydik, 3-cü pillədəki komanda ilə aramızda 2 xallıq fərq qalacaqdı.

 

- Kubokda “Qəbələ” və ardından çempionatda “Zirə” ilə qarşılaşacaqsınız. Psixoloji cəhətdən hazırsınızmı?

- Psixoloji vəziyyət öz yerindədi. Həm çempionatda yolumuza davam etməyə, həm də kubokda finala adlamağa çalışacağıq.