Topaz Premyer Liqasının XXII turunda “Zirə”nin qonağı olan “Qəbələ” səfərdən bərabərliklə (1:1) dönüb. Apasport.az saytının məlumatına görə, qarşılaşmadan sonra brifinq keçirən “qırmızı-qaralar”ın kapitanı Cavid Hüseynov hakimliyi günahlandırıb.
- Bu gün qələbə qazanmağınıza nə və ya kim mane oldu?
- İstəyirsiniz ki, hakimlərin adını çəkim? (gülür) Əlavə nəsə danışmayım, özünüz gördünüz. İki epizodda penalti var idi. Anar Nəzirov Dabonun ayağına vurur, hakim əks tərəfə işarə edir. Özünüz qiymət verin. Ağır oyun keçdi. “Zirə”yə qarşı həmişə belə olub. İki fərqli hissə oldu. İlk yarıda zəif çıxış etdik, amma fasilədən sonra yaxşı oldu.
- Nədənsə hər dəfə hakimlərlə bağlı “Qarabağ”ın yox, “Qəbələ”nin oyunçularına sual verilir. Bu, nədən irəli gəlir?
- Bu suala cavab verə bilmərəm. Bu, doğru olmaz. Amma bu gün hakim qələbəmizə mane oldu. Yüz faizlikdi axı, bunu hamı görür. Penalti versən, səni heç kim qınaya bilməz. Hər iki epizodda susdu. Belə olanda istər-istəməz özünü cilovlaya bilmirsən. Axı biz də əziyyət çəkirik, bunun bəhrəsini görmək istəyirik. Düzdü, deyirik ki, hakim də insandı, səhv edə bilər. Ancaq yüz faizlik epizodda yox də.
- Belə halla üzləşdikdən sonra videotəkrar (VAR) sisteminin tərəfdarı olursunuzmu?
- Belədə futbola marağın nə qədər “öləcəyini” deyə bilmərəm. Bu gün VAR sistemindən istifadə olunsaydı, hər iki epizodda penalti veriləcəkdi.
- Dmitri Bezotosnının epizodunda necə, penalti var idi?
- Məncə, həmin epizodda da qapımıza penalti vermək olardı.
- Hələ də çempionluğa iddianızı davam etdirirsiniz?
- Çempionluq üçün artıq gecdi. Əsas ikinci yeri tutmaqdı.
- Belədə necə motivasiya olunursunuz?
- Artıq kuboku fikirləşirik. Bu, heç kimə sirr deyil. “Zirə” ilə matça da özümüzü elə hazırlamışdıq ki, kubokda bunun davamını gətirək.
- Son 7 oyunun 6-da xal itirmisiniz. “Neftçi”də isə yüksəliş var. Bu amil kubok matçına təsir edəcək?
- Düzdü, “Neftçi”nin inkişafda olması məni sevindirir. Çünki bu, Azərbaycan futbolu üçündü. Ancaq çempionatla kubok eyni deyil. Kubok iki görüşdən ibarətdi. Hər şey ola bilər.
- Hamıda belə fikir formalaşıb ki, “Qarabağ” ölkə kubokunda yoxdusa, “Qəbələ” qalib gəlməyə borcludu...
- Səhv fikirdi. Çünki “Sumqayıt” və “Neftçi” də ideal formadadı. Onlar “Qarabağ”dan geri qalmırlar. “Qarabağ”ı kubokdan kənarlaşdıran da “Sumqayıt” oldu.
- Kuboku götürməsəniz, nələrin baş verəcəyini düşünəndə vahimələnmirsiniz?
- Əlbəttə. Bunu heç yuxuda görmək istəmirəm.