[b]“Neftçi” “Qarabağ”ı görəndə şirə dönür” – Maksim Medvedev[/b]
12.04.2016 - 17:31
[b]“Neftçi” “Qarabağ”ı görəndə şirə dönür” – Maksim Medvedev[/b]

“Qarabağ”ın müdafiəçisi Maksim Medvedevin apasport.az saytına müsahibəsi

 

- 29 tur arxada qalıb. Narazı qaldığınız məqam varmı?

- Ən yaxın izləyicimizi 10 xal qabaqlayırıq. Son oyunlar göstərdi ki, komanda yaxşı formadadı. Hamı ilə “vuruşur”, mübarizə aparır, lazımi xallar qazanır. Bu cür davam edə bilsək, məqsədimizə çatacağıq.

 

- İşinizin bu dərəcədə rahat olacağını gözləyirdizmi?

- Bunu heç kim gözləmirdi. Fərq daha böyük ola da bilərdi. Amma biz də xallar itirmişik. Bu gün ən yaxın izləyicimizi 10 xala qabaqlayırıqsa, deməli, “Qarabağ” buna layiqdi. Çünki komandamız rəqibindən hər zaman daha yaxşı oyun nümayiş etdirir.

 

- Rəqabətsiz bir mühit yaranıb. Bu sizin üçün darıxdırıcı deyil?

- 2-3 il əvvəl də belə olmuşdu. Fərq böyük idi, amma sona yaxın bu üstünlüyümüz cüzi fərqə çevrildi. Lakin toparlandıq və çempion olduq. İndi də aradakı xal fərqinə baxmayaraq, üstün futbol oynayırıq, çox qol vurmaq istəyirik. Azarkeşlər də bizdən bunu tələb edirlər. Son oyunlarda böyükhesablı qələbələr qazanmışıq. Bu, biz futbolçulara da xoş gəlir. Təbii ki, növbəti oyunda bundan da artığını etmək istəyirik.

 

- Əvvəlki illərlə müqayisədə rəqiblər elə də güclü deyillər…

- Ötən il həm “Qarabağ” bu cür futbol oynamırdı, həm də rəqiblərimiz daha prinsipial idilər. Bu mövsüm “Xəzər Lənkəran” çempionatda qalmaq uğrunda mübarizə aparır, bəzi problemləri “Neftçi”yə potensialını tam göstərməyə imkan vermir. Müqavimət göstərən komandaların siyahısına “Qəbələ”, “İnter”, “Zirə” və “Kəpəz”i əlavə etmək olar. Əvvəlki illərdə komandalar bir-birindən xallar almağı bacarırdı. Cari çempionatda isə həm “Zirə”, həm də “Qarabağ” rəqibləri ilə rahat futbol oynayır. Rəqibləri də buna imkan verirlər.

 

- Çoxu bu vəziyyətin “Qarabağ”ın əleyhinə işlədiyini düşünür. Çünki avrokuboklarda daha güclü komandalarla qarşılaşacaqsız…

- Yaxşı tendensiya deyil. Çempionatda rahat oynayırsan, avrokuboklarda isə bu rahatlığı vermirlər. Amma ilk mərhələdən güclü komanda ilə qarşılaşmırsan. Oyunlarımız pillə-pillə çətinləşir. Həm də yayda Avstriyada toplanış keçiririk və çalışırıq güclü komandalarla oynayaq, həmin ab-havaya uyğunlaşaq.

 

- Həftəsonu əzəli rəqibiniz olan “Neftçi” ilə qarşılaşacaqsız. Rəqibin hazırkı durumu işinizə yarıyacaqmı?

- “Neftçi” durumundan asılı olmayaraq, “Qarabağ”a qarşı güclü oyun nümayiş etdirir. Özlərini sübut etməyə çalışırlar. “Neftçi” də inkişafda olan komandadı. Çempionatdakı digər oyunları rahat keçirə bilərlər, amma “Qarabağ”ı görəndə “şirə dönürlər”.

 

- Maraqlıdı ki, “Qarabağ”ın oyunçuları çempionluğa bir addım qalmış belə, bunu dillərinə gətirmirlər, son oyuna qədər gözləməyi məsləhət bilirlər. Yenə son tura qədər gözləməyi düşünürsüz?

- Riyazi baxımdan hələ təsdiq edilməyib. Çempionluğa yaxınıq, amma hələ çempion deyilik. “Barselona” 10 xal qabaqda idi, 2 məğlubiyyətdən sonra fərq 3-4 xala enib.

 

- Amma bizim çempionatda bunun baş verməsi möcüzəyə bərabərdi. Belə deyək də, “Qarabağ”ın oyunçuları özlərinə güvənmirlər?

- Özümüzə əminik. Səhv etmirəmsə, 2 turdan sonra “Zirə” ilə qarşılaşacağıq. Həmin oyun həlledici ola bilər. Bundan sonra nəsə deyə bilərik.

 

- Son günlərdə komandanın parıldayan siması Mahir Mədətovdu. Onun kollektivdəki davranışı necədi?

- Mahir “Qarabağ”a yeni gələndə başqa düşüncələri var idi. Fikirləşirdi ki, bura gəlmişəmsə, yavaş-yavaş oynadacaqlar. Bir ara zədələndi, sonra məşqlərə başlayanda məşqçilər korpusunun onunla söhbəti oldu. Ona bura oynamaq üçün gəldiyi xatırladıldı. Gəncdi, perspektivli futbolçudu, potensialını açmalıdı. Son oyunlarda komandaya uyğunlaşmağa çalışır. Gənc olduğuna görə, hələ sabitlik çatışmır. Amma işinə peşəkar yanaşsa, avrokuboklarda da bizə kömək edə bilər.

 

- Bu arada, millinin Avstriya toplanışında yoxlama oyunu keçirəcəyi daha bir rəqibi müəyyənləşdi. Kanadadan əvvəl Makedoniya ilə qarşılaşacaqsız..

- Çoxdandı belə çətin rəqiblərlə qarşılaşmırıq. Son oyunda Qazaxıstanla üz-üzə gəldik. Uzun fasilədən sonra toplanmışdıq, heyətdə yeni futbolçular var idi. Avstriya toplanışı sonuncu olacaq. Bundan sonra baş məşqçi rəsmi oyunlarda kimlərə şans verəcəyini müəyyənləşdirəcək.

 

0