“Mənə qarşı bu hərəkət təxribat xarakterli idi. Həmin adamlar artıq səhv etdiklərini başa düşüblər”. Bunu apasport.az saytına “Neftçi”nin qapıçısı Aqil Məmmədov deyib.
Azərbaycan Kubokunun yarımfinal mərhələsinin “İnter”lə (2:0) ilk oyununda “Neftçi” azarkeşləri tərəfindən təhqir edilən qolkiper bunu öncədən planlaşdırılmış addım hesab edir: “Pankart da açmışdılarsa, deməli, buna əvvəlcədən hazırlıq görmüşdülər. Bu, “Neftçi”nin uğur qazanmasını, finala çıxmasını istəməyən qüvvələrin əməlidi. Amma onlar da səhv etdiklərini boyunlarına alıblar”.
Topaz Premyer Liqasının XXX turu çərçivəsində “Qəbələ” ilə qarşılaşmada çərçivəni Saşa Stamenkoviç qoruyub. Aqil Məmmədov bunun həmin hadisə ilə bir əlaqəsinin olmadığını bildirib: “Sadəcə, dizimdə yüngül ağrılar var idi. 2-3 nəfərin bu cür cılız hərəkətinin psixoloji cəhətdən heç bir təsiri ola bilməz. Hərə öz missiyasını yerinə yetirir. Bizim məqsədimiz kubokda finala adlamaqdı. Sabahkı cavab qarşılaşmasında yenidən çərçivədə duracağıma inanıram”.
Qeyd edək ki, “İnter” – “Neftçi” matçı sabah “İnter Arena”da keçiriləcək və saat 19:00-da başlayacaq.