“Bizi Azərbaycanda çox yaxşı qarşıladılar. Bilirik ki, bizi sabah çətin oyun gözləyir. Evdə keçirdiyimiz matçda tapşırıqları yerinə yetirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Admira” klubunun baş məşqçisi Oliver Lederer deyib.
Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Avstriya təmsilçisi sabah “Kəpəz”in qonağı olacaq. Matçdan öncə mətbuat konfransı keçirən Lederer bunları deyib: “Əlimizdən gələni edəcəyik. Ola bilsin, matç 90 dəqiqə yox, 120 dəqiqə davam etsin. Çalışacağıq ki, növbəti mərhələyə biz adlayaq”.
- “Kəpəz”in üstün tərəfləri hansılardı? Rəqibin heyətində çəkindiyiniz oyunçu kimdi?
- Rəqibi təhlil etmişəm. Əks-hücuma tez keçirlər. Bizim sabah işimiz o olacaq ki, topu özümüzdə saxlayaq və rəqibin əks-hücuma çıxmasına imkan verməyək.
- “Admira” sabah müdafiədən oynayacaq?
- Mən belə deməzdim. “Admira”nın oyun stili rəqibdən asılı deyil. Biz həmişə çalışırıq ki, rəqibdən üstün olaq. Amma bəzən alınmır.
- “Kəpəz”in baş məşqçisi Şahin Diniyev sabahkı matçın onun üçün ən məsuliyyətli görüş olduğunu bildirdi. Bəs sizin üçün sabahkı oyun hansı anlamı kəsb edir?
- Mənim üçün adi oyundu. Karyeram sabahkı görüşdən asılı deyil.
- Penaltilərin üzərində məşq etmisizmi?
- Biz “Kəpəz”ə hörmətlə yanaşırıq. Amma öz gücümüzə inanırıq. Fikrimcə, komandamız sabah da qol vura bilər. Lakin penaltilərin üzərində də məşq etmişik.
- “Kəpəz” səddini keçə bilməsəniz, bunu “Admira” üçün faciə adlandırmaq olarmı və oyunun nəticəsindən asılı olaraq, istefa verə bilərsizmi?
- Bu bizim üçün faciə sayılmayacaq. Mən inanıram ki, sabah mərhələ keçə bilərik. Əgər keçə bilməsək, istefa verməyəcəm.
- Şahin Diniyev sabahkı matçı müharibəyə bənzədib. Bu fikrə münasibətiniz necədi?
- Futbolda bu sözü işlətmək düzgün deyil. Biz çox gözəl ölkəyə gəlmişik. Məncə, sabah düzgün oyun görəcəyik. 90 dəqiqədən sonra layiqli nəticə olacaq. Onu deyə bilərəm ki, 90 dəqiqədən sonra qələbə bizim olacaq.