[b]“Premyer Liqanı 14 komanda ilə dolduraq, sonra da...” - MÜSAHİBƏ[/b]
14.05.2016 - 12:27
[b]“Premyer Liqanı 14 komanda ilə dolduraq, sonra da...” - MÜSAHİBƏ[/b]

“Neftçi” klubunun və millinin sabiq baş məşqçisi Arif Əsədovun apasport.az saytına müsahibəsi

 

- Topaz Premyer Liqasının 2015-2016 mövsümü başa çatmaq üzrədi. Cari mövsümün gedişatı və səviyyəsi sizi qane etdimi?

- O biri çempionatlarla müqayisədə eniş hiss olunur. Bunun müxtəlif səbəbləri var. Birincisi, “İnter” və “Zirə”nin avrokuboklara buraxılmaması intriqanı azaltdı. İkincisi, bəzi klubların maliyyə gücü zəiflədi, bu da öz təsirini göstərdi. Üçüncüsü də, çempionatın səviyyəsi aşağı düşüb, gərginlik azalıb. “Qarabağ” sona bir neçə tur qalmış çempionluğunu rəsmiləşdirib. Hazırda onlarla birincilik mübarizəsi apara biləcək komanda yoxdu. Yalnız 2-4-cü yerləri tutmağa namizədlər var idi.

 

- Premyer Liqanın debütantı “Zirə” və elitaya qayıdan “Kəpəz”in çıxışını necə qiymətləndirirsiz? Bu komandalar əvvəlki illərdəki çempionatlarda çıxış etsəydilər, medalçılar sırasına düşə bilərdilərmi?

- Onların haqqını yemək olmaz. Hər iki komanda öz gücünün hesabına bu pilləyə gəlib. Həm “Zirə”, həm də “Kəpəz” ilk turlardan yuxarı yerlərdə qərarlaşıb. Razıyam, onların bu cür çıxışı sürpriz oldu. Bu komandaların özləri də medalçılar sırasına düşəcəklərini gözləmirdilər. Mövsümə ilk “altılıq”da qərarlaşmaq məqsədi ilə başlamışdılar. Ancaq iştah diş altındadı. Gördülər ki, yer tutmağa imkan var, dedilər bu şansdan istifadə edək. Amma hər ikisi əziyyətləri hesabına bura qədər gəliblər. Təbii ki, bəzi komandaların zəif çıxışı da “Zirə” ilə “Kəpəz”in işinə yaradı.

 

- Keçən il Avroliqanın qrup mərhələsində oynamış “Qəbələ”nin cari mövsümdəki çıxışı ilə bağlı fikirləriniz necədi? Baş məşqçi Roman Qriqorçuk postunda saxlanılmalıdımı?

- “Qəbələ” Avropa Liqasının qrup mərhələsində oynadığından, hamı elə düşünürdü ki, bu komanda “Qarabağ”la çempionluq mübarizə aparacaq. Lakin qrupa düşdükdən sonra Qriqorçuk heyətlə bağlı rotasiyaları düzgün etmədi, həm avrokubokda, həm də çempionatda eyni oyunçulara güvəndi. Qeyri-stabil çıxış nəticəsində komanda turnir cədvəlində mövqeyini itirdi. Mənim üçün ən gözlənilməz elə “Qəbələ”nin çıxışı oldu. Qriqorçuk təxminən il yarımdı ki, burdadı, istədiyi heyəti formalaşdırıb. Amma yenə də “Qəbələ” 3-cü yer uğrunda oynayır. Ötən il qazanılan bürünc medal komanda üçün uğur sayılırdı. Lakin bu il “Qəbələ”dən çempionluq gözlənilirdi. Kubokda da sona qədər gedə bilmədilər.

 

- Necə düşünürsüz, Azərbaycan futbolu adına hansı daha faydalı olar: “Neftçi”nin avrokuboka vəsiqə qazanması, yoxsa AZAL-ın?

- Kim güclüdüsə, hansı komandanın potensialı, maddi imkanları avrokubokda oynamağa imkan verirsə, o da getməlidi. “Neftçi” köklü klubumuzdu, onun kənarda qalması yaraşmaz.

 

- Əksəriyyət bu il yalnız “Qarabağ”ın avrokuboklarda nəsə edəcəyini düşünür. Siz də bu fikirdəsiz?

- “Qarabağ”ın heyəti güclüdü. Özü də onlar indidən diqqətlərini avrokuboka yönəldiblər. Bu komanda 2 dəfə Avroliqanın qrup mərhələsində çıxış edib. İstəyərlər ki, bu il uğurlarını bir qədər də yaxşılaşdırsınlar. Avrokuboka qatılacaq digər komandalarımız isə heyətlərinə əl gəzdirməlidilər.

 

- Ölkə çempionatının növbəti mövsümündə də hazırkı formatdan istifadə edilməlidi, yoxsa komandaların sayının artırılıb, formatın dəyişdirilməsinin tərəfdarısız?

- Komandaların sayı yox, gücü nəzərə alınmalıdı. Kəmiyyət deyil, keyfiyyət üstün tutulmalıdı. Yoxsa Premyer Liqanı dolduraq 14 komanda ilə, çempionatın gedişində də bir-bir sıradan çıxsınlar. Çünki maliyyə gücü zəif olan klublarda müəyyən vaxtdan sonra çətinliklər başlayır, bu da çempionatın gedişinə təsir edir. Komandaların sayı az olsun, amma keyfiyyət, mübarizə olsun. Məncə, “altılıq” sisteminə də dönmək olar. Çempionat bu formatda keçiriləndə daha güclü idi.

 

Tengiz MƏMMƏDOV

0