[b]“Pullarını vaxtında almağa öyrəşiblər” - Mircavadov[/b]
29.11.2017 - 12:42
[b]“Pullarını vaxtında almağa öyrəşiblər” - Mircavadov[/b]

Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovun apasport.az saytına müsahibəsi

 

- Ölkə çempionatının XIV turu Azərbaycan derbisi sayılan “Qarabağ” - “Neftçi” oyunu ilə yadda qalacaq. Əvvəllər hər iki komandanı çalışdırmış məşqçi kimi, hansı nəticəni gözləyirsiz?

- Yaxşı oyun gözləyirəm. İstərdim ki, həmin görüşü izləmək üçün stadiona gələcək azarkeşlər istirahət etsinlər. Mənim üçün ən vacib məqam budu. Oyun olanda nəticə də olur. “Qarabağ” hazırda birinci pillədə qərarlaşıb və qış fasiləsinə də bu mövqedə yollanmaq istəyir. Buna görə də, onlara qələbə lazımdı. Öz növbəsində, “Neftçi” də meydana 3 xal üçün çıxacaq. Onlar ilk “dördlüy”ə düşüb, Avropa Liqasına vəsiqə qazanmağı qarşılarına məqsəd qoyublar. “Neftçi” son matçlarını yaxşı keçirib. Amma onların güclü komandalarla görüşlərdə necə oynayacağını gördükdən sonra qiymət vermək olar. Bu mənada, “Qarabağ”la qarşılaşma “Neftçi” üçün əsas oyunlardan biridi.

 

- Tərlan Əhmədovun gəlişindən sonra “Neftçi”də oyun planında irəliləyiş hiss olunur. Necə düşünürsüz, sabiq yetirməniz “ağ-qaralar”a əvvəlki gücünü qaytara biləcəkmi?

- Komanda hazırda yaxşı oynayır. Ancaq hər şey birdən olmur. Tərlana öz fikirlərini həyata keçirməsi üçün vaxt gərəkdi. Vaxt olan yerdə köklü dəyişikliklər də olacaq. Əhmədova oyunçular da lazımdı. Hər yerli, həm də xarici futbolçular cəlb olunmalıdı. Bizdə bir qəribə hal yaranıb. Deyirik ki, xarici futbolçu mütləq lazımdı. Amma hansı oyunçunun gətirilməsi vacibdi, bu haqda düşünülməlidi. Yəni kəmiyyət yox, keyfiyyət önəmlidi. 8-10 legionerdən cəmi biri özünü yaxşı tərəfdən göstərərsə, qalanları isə yerlilərdən geri qalarsa, onda xarici futbolçu nəyimə lazımdı? İkincisi, nə qədər güclü, keyfiyyətli yerli oyunçun olsa, legionerlərin sayı azalacaq, onlar da sistemə uyğun oynayacaqlar.

 

- Belə bir fikir formalaşıb ki, “Qarabağ” hazırda tək ayaqla da ölkə çempionu olmaq gücündədi...

- Mən də bu fikirlə razıyam. 5-6 il öncə, konkret olaraq, “Xəzər Lənkəran”da işlədiyim dönəmdə 6-7 klub çempionluq mübarizəsi aparırdı. “Xəzər Lənkəran”, “Neftçi”, “Qarabağ”, “Bakı”, “Qəbələ” və digərləri birincilik uğrunda yarışırdı. İndiki komandalara baxaq. “Kəpəz” o “Kəpəz” deyil. “Qəbələ” çalışır, çempion olmaq istəyir. Mövsümün əvvəlində stabil oyun göstərməsə də, son vaxtlar nəsə dəyişiklik var. İndi stabil təsir bağışlayırlar, amma bunun nə qədər çəkəcəyi bilinmir. Çempion olmaq üçün ilk növbədə, stabillik lazımdı. “Zirə”də də çox yaxşı iş görülür. Cavan məşqçidi, ona uğurlar arzulayıram. Hiss olunur ki, orda iş gedir. Amma “Zirə” klub olaraq, hələ birinci yer uğrunda mübarizə aparmaq gücündə deyil.

 

- Cari mövsümdə məşqçi dəyişikliyi ilə üzləşən klubların sırasına “Kəpəz” də əlavə olundu. Şahin Diniyevin istefasını və onun yerinə Yunis Hüseynovun gətirilməsini necə qarşıladız?

- Şahin Diniyev yaxşı məşqçidi, indi nəsə alınmadı. “Kəpəz”i ilk ildə Avropa Liqasına çıxarmışdı. Bilirsiz, bölgə komandası bölgədə oynamalı, şəraiti olmalıdı, yəni Bakı-Gəncə arasında qalmamalıdı. Belə vəziyyətdə çıxış etmək həddindən artıq ağırdı. Çünki yol adamı yorur. O ki qaldı Yunis Hüseynovun təyinatına, onu yaxşı tanıyıram, işləyən məşqçidi. Yunisə vaxt, kömək lazımdı. Bir də komandanın maddi durumu yaxşı olmalıdı ki, oyunçular gətirə bilsinlər.

 

- “Keşlə”nin baş məşqçisi postunda keçirdiyi hər 3 oyunda məğlubiyyətlə üzləşən Ramiz Məmmədovun fəaliyyətini necə dəyərləndirirsiz?

- Nəticə baxımından pisdi. Amma klubun daxilində deyilik, problemləri bilmirik. Komandanın ardıcıl məğlubiyyətlərinin səbəbini baş məşqçi və rəhbərlik dəqiq bilər.

  

- Məmmədov “Neftçi” ilə matçdan sonra keçirilən mətbuat konfransında bəzi futbolçuların potensiallarından aşağı səviyyədə çıxış etdiklərini, hər biri ilə bu haqda danışacağını demişdi. Sözlərindən həmin oyunçuların bilərəkdən zəif təsir bağışladığı hiss olundu. Məşqçilik karyeranızda belə halla üzləşmisiz?

- Mən “Qarabağ”da işləyəndə başımıza çox çətinliklər gəlib. Amma o vaxt komandada oynayan futbolçular, doğrudan da, mərd uşaqlar idi. Biz də maaş almırdıq, ya Sumqayıtda, ya da Mingəçevirdə qalırdıq. Bizi harda qəbul edirdilərsə, orda məskunlaşırdıq. Maaş məsələsi həddindən artıq ağır idi. Bununla belə, heç kim danışmırdı. Bütün futbolçular meydana çıxıb canla-başla oynayırdılar. İndikilərin isə məqsədi başqadı. Onlar üçün maaşlarını vaxtında almaq əsas məsələdi. Belə baxanda, düzgün fikirdi. İşləyirsənsə, pulunu almalısan. Məvaciblər vaxtında verilməyəndə belə söhbətlər yaranır. Üstəlik, komandada xarici oyunçular var. Onlar maaşların gecikməsini qəbul etmirlər, çünki pullarını vaxtında almağa öyrəşiblər. Məsələ şəraitdədi. 

0