“Qəbələ”də iki möhtəşəm il keçirdim. Buna görə klub rəhbərliyinə təşəkkürümü bildirirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” ilə yenicə yollarını ayıran Ruslan Qurbanov deyib.
Milli komandamızın üzvü “Qəbələ”də keçirdiyi illəri heç vaxt unutmayacağını söyləyib. O, ayrılmağını müntəzəm oynamaq istəyi ilə əlaqələndirib: “Daim oynamaq istəyirəm. “Qəbələ”də belə deyildi. Həm də rəhbərlikdən yeni müqavilə təklifi almadım. Ümumiyyətlə, bu komandanın heyətində Avropa Liqasının qrup mərhələsində iştirak etdim. Orda rəhbərlik daim futbolçuları dəstəkləyir və hər şeyi ən yüksək səviyyədə edir. Komandaya baş məşqçi təyin olunan Sənan Qurbanova da yeni karyerasında uğurlar arzulayıram. İnanıram ki, onlar yaxşı nəticələr əldə edəcək və Avropa Liqasında yenidən uğur qazanacaqlar”.
Hazırda yığmanın düşərgəsində olan Qurbanov karyerasını harda davam etdirəcəyinə hələ qərar verməyib. 27 yaşlı yarımmüdafiəçi millinin oyunlarından sonra təkliflərə nəzər yetirəcəyini söyləyib: “Hələlik təkliflər barədə düşünmürəm. Millinin heyətində Qazaxıstan və Latviya ilə keçiriləcək yoldaşlıq görüşlərinə köklənmişəm. Bu matçlardan sonra nəsə demək olar”.
Qeyd edək ki, Ruslan Qurbanov “Qəbələ”yə 2016-cı ildə “Neftçi”dən keçmişdi.