Hazırda Finlandiyanın “RoPS” klubunda çıxış edən Con Olureminin “Zirə”də oynayacağı haqqında xəbərlər həqiqətə uyğun deyil. Bu barədə apasport.az saytına klubun mətbuat xidmətinin rəhbəri Elman Himayətoğlu məlumat verib.
Amerikalı futbolçu verdiyi açıqlamasında karyerasını “Zirə”də davam etdirəcəyini, bunun üçün Türkiyəyə, klubun düşərgəsinə yollanacağını bildirmişdi.
Klub rəsmisi isə bunun tamamilə yanlış məlumat olduğunu deyib: “Futbolçunun niyə belə dediyini bilmirik. Amma komandamızın transfer siyahısında onun adı yoxdu. Məşqçilərdən də bu haqda soruşdum və onlar da həmin futbolçu ilə ümumiyyətlə maraqlanmadıqlarını dedilər”.
Qeyd edək ki, 30 yaşlı hücumçu 2013/14 mövsümündə digər Premyer Liqa klubu AZAL-da çıxış edib.