[b]Azarkeşlər Abdullayevə: Hə, kişi oğlu, cəsarətini göstər, istefa ver![/b]
06.04.2017 - 10:41
[b]Azarkeşlər Abdullayevə: Hə, kişi oğlu, cəsarətini göstər, istefa ver![/b]

Elxan Abdullayev “Qarabağ”la kubok oyunundan sonrakı mətbuat konfransında səsləndirdiyi fikirlərlə “zilə çıxdı”. “Neftçi”nin “sükanı arxası”na keçəndən nə jurnalistlərlə, nə də azarkeşlərlə yola getməyi bacaran Abdullayev özünə düşmən qazandırmaqda davam edir.

 

Onun budəfəki fikirləri, bəlkə də, gələcək məşqçilik karyerasına ciddi zərbə vuracaq. Çünki Abdullayev 7-dən 77-yə ölkənin yarıdan çoxunun sevimlisi olan və 80 illik yubileyini qeyd edən ən köklü klub “Neftçi” azarkeşlərinə “ilişdi”. O azarkeşlər ki, “Qarabağ”la səfər matçında komandanın finala çıxmayacağını bilə-bilə dayanmadan şüarlar səsləndirir, bir sözlə, meydanda “can verən” qocanı həyata qaytarmağa çalışırdılar.

 

Etiraf edək ki, “Neftçi” fanatları digər komandaların azarkeşlərindən hər zaman fərqləniblər. 2-ci yeri tutması belə həzm olunmayan, lakin hazırda 8 komanda arasında 6-cı yerdə getməsinə baxmayaraq, şaxtada, boranda komandanı dəstəkləyən “Forza Neftçi” fan-klubunu Elxan Abdullayev xuliqan adlandırır. Halbuki, Abdullayevin azarkeş saymadığı 15-16 yaşlı uşaqların yeganə istəyi futbolçuların bu formaya layiq oyun göstərmələri, baş məşqçinin uğursuzluğu başqalarında görmək əvəzinə, komandanı vəziyyətdən çıxarmağın yollarını axtarmasıdı.

 

Abdullayev onu haqlı yerə istefaya səsləyən azarkeşləri xuliqan adlandırır. Bəs görəsən, fanatların bu açıqlamaya cavabı nə olub? “Neftçi” azarkeşlərinin feysbukda baş məşqçi haqda yazdıqları bəzi fikirləri təqdim edirik:

 

Sübhan Əliyev: “Biz kimik, ölkə bilir”.

 

Elxan Xəlilov: “Əgər o, bu uşaqları xuliqan adlandırırsa və azarkeş saymırsa, mən də bu uşaqlar və orta yaşlı, Sovet vaxtının “Neftçi”sini görmüş azarkeşlər adından bəyan edirəm ki, Elxan, sən də məşqçi deyilsən. Sən 14-15 yaşlı uşaqlardan qorxmaya bilərsən. Amma onu bilməlisən ki, bir az orta yaşlı insanların hər dəfə vaxtı olmayıb stadiona gəlməyə. İmkan tapmadıqda, bu xuliqanlar yol pulu düzəldib, stadionlara gəlir, səfərlərə komandasını dəstəkləməyə gedir, qışda, yayda, soyuqda, yağışda sizi tək buraxmırlar. Darıxma, sən də gedəcəksən. Sən və sənin kimilər “Neftçi” üçün bir heç kimdi!

Vaxt gələcək, bu xuliqanların arasına çıxmağa utanacaqsan. Sənin kimi … çox gəlib-gedib bu kluba. Bu sözünlə sən “Neftçi”də öz dönəmini bitirdin. 14-15 yaşlı uşaqlar xuliqan deyil, vaxtilə “Neftçi”yə azarkeşlik etmiş valideynlərin uşaqlarıdı, milyonlarla azarkeşlərin stadionlarda olan kiçik bir təmsilçisidi. “Neftçi” azarkeşləri sən fikirləşdiyindən də böyükdü! 
Tezliklə yenidən öz köməkçi vəzifənə qayıdarsan, sənin yerin “Neftçi” kimi böyük camiə deyil. Hər kəs öz yerini tanımalıdı”.

 

Müjdə Əliyev: “Əzizim Elxan, sən Elxan ola bilərsən, amma bizlər Elin Xanlarıyıq!”.

 

Nail Nərimanoğlu: “Xuliqan sözünü buna kim öyrədib?”

 

Şahin Mehtiyev (“Qarabağ” azarkeşi): “Forza”nın əziyyətini itirən, onları azarkeş saymayanın yəqin ki, əqli cəhətdən problemi var”.

 

Əli Məhərrəmov: “Araza, Ruslana verilən çörək kimi, sənə də o çörək haram olsun. Böyükağa, hardasan? Bizi bu … əlindən qurtar”.

 

Samir Hüseyn: “Hörmətsiz Elxan”.

 

Ramil Tarıverdiyev: “Bizə qarşı çaşanı aşırdırıq”.

 

Şahmar Ağayev: “Biz varkən yıxılmaz “Neftçi”.

 

Xaqan Məmməd: “... öz dilimizdə zorla danışır, üstəlik, bu uşaqların əziyyətini yerə vurur. ..., darıxma, ömrünə az qalıb...”.

 

Rasim Məlikov: “Sən də belə getdin, ay Elxan. Adam danışmaq istəyəndə sözü ağzında bişirər, sonra danışar. Sən isə konkret “quşladın”. Yaxşı yol!”.

 

Həmid Əliyev: “Xuliqan sən və sənin kimilərdi, Elxan. Gəlib cibinizi doldurub qaçırsız, amma azarkeş öz cibindən pul verir. Halal olsun, “Forza Neftçi”.

 

Tural Səttarov: “Elxan, kimsən sən? Sənə məşqçi deyənin dili qurusun. “Forza Neftçi” olanda siz yox idiniz”.

 

Elvin Tənha: “Buna deyən lazımdı ki, öz dilində düz-əməlli danışa bilmirsən, “Forza Neftçi”ni fanat saymırsan”.

 

Orxan Əliyev: “Düz deyir. Yağışda, qarda, soyuqda tribunada “Neftçi”, “Neftçi” qışqırmaq düzdü, bəyəm? Gərək Elxan, Elxan qışqıraq. Nə olsun ki, “Sumqayıt”a, “Zirə”yə uduzur, günah “Forza”dadı. “Neftçi” deyə qışqırırsız, Elxanın fikri yayınır, ona görə də, komandanı hücuma kökləyə bilmir. Oyunun ən yaxşısını çıxardır, yerinə kotlet salır. Sonra da Elxanı günahlandırırsız”.

 

Oqtay Quliyev: “Heç olmasa bu sözü deyəndə gözünüzün qabağına atanızı gətirəydiz”.

 

Sem İsmayılzadə: “Bu ... kimdi: rəssam, yoxsa rəqqas?”

 

Elşən Suraxanı: “Elxan Abdullayev, bəlkə də, həyatının ən böyük səhvini buraxdın burda”.

 

Çingiz Həsənov: “Sənə məşqçi demək günahdı, səndən qabaq olan məşqçiləri söymüş olaram”.

 

Mamed Bakinski Ələsgərov: “Bu ... özünü tanımır, tanıtmaq lazımdı”.

 

Eli Ko: “Neftçi”nin evini sizin kimilər yıxdı da. Elxan, istefa”.

 

Elvin Tənha: “Elxan, bir az döz. Bu fanatlar ... qovan kimi qovacaqlar səni”.

 

Orxan Novruzov: “Hörmətsiz Elxan, rədd ol”.

 

Atəş Dadaşov: “İnanmağım gəlmir ki, rəhmətlik Ruslan Abdullayevin oğlu Elxan bu sözləri deyə. İndi başa düşdüm ki, azarkeşlərdən başqa “Neftçi”ni pulsuz-parasız sevən yoxdu. Hamı paraya görə sevir qocaman “Neftçi”ni. Sənə nə var ki, “Neftçi” olmasın, milli olsun, yəni o olmasın, bu olsun, təki pul olsun. İnsan öz sözünü tutmalıdı. İnanıram ki, sən də öz sözünü tutub, istefa verərsən. Axı sən dahi Ruslan Abdullayevin oğlusan. Hə, kişi oğlu, cəsarətini göstər, istefanı ver!”.

 

“Neftçi” fanatları Oqtay Ağayevin ifa etdiyi “Qaytar eşqimi” mahnısının sözlərini komandanın hazırkı durumunu əks etdirən ifadələrlə dəyişiblər: “Gəl, qaytar “Neftçi”ni, o sənə gərək deyil. Gəl, qaytar keçmişi, şərəfli o illəri...”.

 

0