[b]Qorxulu trio: İngilislər “Çelsi”nin start heyətini açıqladı[/b]
20.11.2017 - 12:27
[b]Qorxulu trio: İngilislər “Çelsi”nin start heyətini açıqladı[/b]

Çempionlar Liqasının V turunda “Qarabağ”ın qonağı olacaq “Çelsi”nin təxmini “11-liy”i açıqlanıb. Apasport.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, “zadəganlar”ın heyətində müəyyən dəyişikliklər gözlənilir.

 

Baş məşqçi Antonio Kontenin qapı və müdafiə xəttinə toxunmaq niyyəti yoxdu. Belə ki, əsas qapıçı Tibo Kurtua yenə çərçivədəki yerini alacaq. 3-4-3 sxeminə üstünlük verəcək italiyalı mütəxəssis müdafiənin mərkəzində Andreas Kristensen – Qari Keyhill - Sezar Azpilikueta triosuna güvənəcək.

 

Bu oyunçularla yanaşı, Davide Zappakosta və Markos Alonsonun da “Vest Bromviç”lə matçda olduğu kimi, meydandakı yerlərini almaları gözlənilir. İtaliyalı sağ, ispaniyalı isə sol cinahda həm müdafiə, həm də yarımmüdafiəçi funksiyasını yerinə yetirəcək.

 

Konte yarımmüdafiəçilər Sesk Fabreqas və son vaxtlar əla forma yığan Temue Bakayokonu start heyətində meydana buraxmağı planlaşdırmır. Həmkarlarımız baş məşqçinin noyabrın 25-də Premyer Liqa çərçivəsində “Liverpul”la keçiriləcək səfər matçını da nəzərə aldığını vurğulayıblar. Nqolo Kantenin yanında Denni Drinkuoterin çıxış etməsi ehtimal olunur.

 

Hücum triosu isə kifayət qədər qorxulu səslənir. Hər halda Eden Azar, Pedro Rodriges və Alvaro Morata kimi dünya səviyyəli oyunçuların qarşısını almaq çox çətindi. “Vest Bromviç”lə oyuna ehtiyatdan başlayan Pedro bu dəfə hücumun sağ, son qarşılaşmada dubl edən Azar isə sol cinahından Morataya dəstək olacaq.

 

Fabreqas və Bakayoko ilə yanaşı, David Luiz, Villian və zədəsini yenicə sağaldan Viktor Mozesin də ilk dəqiqələrdən meydanda olması gözlənilmir.

 

Qeyd edək ki, “Qarabağ” – “Çelsi” görüşü noyabrın 22-də Bakı Olimpiya Stadionunda keçiriləcək. 

0