“Bu gün klubdaxili iclas olub və bəzi qərarlar qəbul edilib. Bütün futbolçular, məşqçilər, ümumiyyətlə, hamı cərimələnib”. Bu sözləri apasport.az saytına “Sumqayıt” klubunun baş meneceri Ceyhun Sultanov deyib.
“Sumqayıt”ın uğursuz nəticələrindən sonra istefa vermək fikrinə düşən Sultanovun ərizəsi qəbul olunmayıb.
Klub prezidenti Kamran Quliyev onun vəzifəsində qalmasını və səlahiyyətlərinin artırılmasını qərara alıb. Sultanov mövsümün sonunda heyətdə köklü dəyişikliklərin olacağını istisna etməyib: “Burda söz sahiblərindən biriyəm. İstədiyim futbolçu ilə bağlı məsləhətlərimi verə bilərəm və onunla yollarımızı ayıra bilərik. Müqaviləsi davam edən futbolçuların anlaşmasına may ayında yenidən baxılacaq. Həmin oyunçular elə bilməsinlər ki, müqaviləsinin sonuna qədər burda qalacaq, maaşını da indiki kimi alacaq. Bundan sonra hər kəs oyununa görə haqqını alacaq. Qərara görə, komandada qalacaq futbolçuların da müqaviləsində dəyişikliklər olacaq”.
Qeyd edək ki, hazırda Premyer Liqada 8-ci pillədə qərarlaşan “Sumqayıt” 12 oyundu ki, qələbə qazana bilmir.
Ruslan SADIQOV