[b]Skarlatake: Bunu reallaşdırmaq çox çətindi - MÜSAHİBƏ[/b]
24.10.2015 - 13:07
[b]Skarlatake: Bunu reallaşdırmaq çox çətindi - MÜSAHİBƏ[/b]

“Xəzər Lənkəran”ın rumıniyalı müdafiəçisi Adrian Skarlatakenin apasport.az saytına müsahibəsi

 

- Bir qədər sonra Topaz Premyer Liqasının IX turu çərçivəsində “Kəpəz”lə qarşılaşacaqsız. Bu görüşdə hansı nəticəyə ümid edirsiz?

- Nəsə demək çətindi. Təbii ki, meydana qələbə üçün çıxacağıq. Ancaq oyunun çətin keçəcəyini bilirik. “Kəpəz”, doğrudan da, yaxşı komandadı və bunu cari mövsümdəki çıxışı ilə göstərir. Çox diqqətli olmalıyıq. Ötən tur AZAL-a qalib gələrək, uğursuz oyunlar seriyasına son qoyduq. Gəncədən qələbə ilə ayrılmaq komandadakı özünəinamı bir qədər də artırar. Bunun üçün sona qədər mübarizə aparmalı, meydanda səhv buraxmamalıyıq.

 

- “Xəzər Lənkəran”ın cari mövsümdəki çıxışı ürəyinizcədi? Komandanızın mövsümü neçənci pillədə bitirəcəyi real görünür?

- “Xəzər Lənkəran” turnir cədvəlində yuxarı pillələrdə olmalıdı. Amma indiki vəziyyətdə bunu reallaşdırmaq çox çətindi. Yanvarda transferlər edilsə, işimiz asanlaşacaq. Əgər transferlər baş tutsa, ilk “3-lüy”ə düşmək şansımız yaranacaq.

 

- Hazırda yüksək dəstədə çıxış edən bir çox klub müxtəlif problemlərlə üzləşib. Bu gedişatı gözləyirdizmi?

- Təbii ki, gözləmirdim. Mənim üçün sürpriz oldu. Ancaq ümid edirəm ki, “Xəzər Lənkəran” da daxil olmaqla, Azərbaycan klublarının problemləri tezliklə həll ediləcək.

 

- Gələcək karyeranızla bağlı nə düşünürsüz? Başqa klublardan təklif alırsızmı?

- İndiki məqamda başqa təkliflər barədə düşünmürəm. Ancaq baxaq, görək, dekabrda necə olacaq? Hazırda “Xəzər Lənkəran”dan ayrılmaq barədə düşünmürəm. Amma hər şey mümkündü. Gələcəkdə necə olacağını indidən təxmin edə bilmərik.

 

- “Xəzər Lənkəran” yaxın illərdə “Qarabağ” və “Qəbələ” kimi, Avropa Liqasının qrup mərhələsində iştirak edə bilərmi?

- Bu, mümkündü. Amma ilk növbədə, heyət gücləndirilməlidi. Futbolda uğur qazanmaq üçün yaxşı transferlər etməlisən. Məlum səbəbdən yayda komandaya cəlb olunan futbolçular indi bizə kömək edə bilmirlər. Yanvarda heyət gücləndirilsə, vəziyyət bizim xeyrimizə dəyişəcək. İlk növbədə, çempionatda yaxşı yerlərdən birini tutub, Avrokuboka vəsiqə qazanmaq lazımdı. Bundan sonra isə qrup mərhələsi barədə düşünmək olar. Yeri gəlmişkən, “Qarabağ” və “Qəbələ”nin Avroliqadakı çıxışını diqqətlə izləyirəm. Hər ikisi özünü yaxşı tərəfdən göstərir. Məncə, həm “Qarabağ”, həm də “Qəbələ” qrupdan çıxıb, növbəti mərhələyə yüksələ biləcək. Onların qrup mərhələsindəki çıxışı Azərbaycan futbolunun nüfuzunu artırır. İnanıram ki, “Xəzər Lənkəran” da gələn il avrokuboklarda mübarizə aparacaq.

 

Tengiz MƏMMƏDOV

0