“Neftçi”nin baş məşqçisi Arif Əsədovun apasport.az saytına müsahibəsi
- “Simurq”la XXVIII tur matçında qazandığınız (1:0) qələbədən çox Julius Vobayın qeyri-etik hərəkəti müzakirə mövzusu oldu...
- “Neftçi” elə bir komandadı ki, burda olan balaca milçəyi fil boyda edirlər. Bu üzdən də, komanda ilə bağlı hər şeyin şişirdilməsini normal qarşılamaq lazımdı. Açığı, həmin hadisəni görməmişəm. Amma araşdırmışıq, ciddi bir şey olmayıb. Oyunçularımız da bildiriblər ki, Vobay azarkeşlərə qarşı heç bir hərəkət etməyib. Futbolçuların da öz aralarında zarafatlaşma olur.
- İstənilən halda, azarkeşlərin gözü önündə o cür qeyri-etik jest nə dərəcədə düzgündü?
- Futbol azarkeşlərə görə oynanılır. Amma Vobayın yerli fanatlara qeyri-etik jest etmək fikri olmayıb. Vobayın özü ilə də bu məsələ ilə bağlı görüşümüz olub. Futbolçularımızın dediyinə görə, o, həmin hərəkəti sırf komanda yoldaşına etmişdi.
- Ona hər hansı bir xəbərdarlıq edilməyib?
- Ciddi bir şey yoxdusa, bunu şişirtməyə nə ehtiyac var?
- Nikolas Kanales də qoldan sonra formasını yerə atdığı üçün tənqid edildi. Buna münasibətiniz necədi?
- Bu, sevincdən doğan hərəkət idi. Avropada da belə vəziyyəti dəfələrlə izləmişik. Futbolçu fərqləndikdən sonra formasını çıxarır, qolu çılğın şəkildə qeyd edir. Kanalesin qol vurduğu zaman “Neftçi”nin gerbini öpdüyü vaxt da olub. Buna görə də, inanmıram ki, Kanales hansısa hörmətsizlik etmək istəsin. Flavinyonun da formanı götürüb ona verməsi kapitanın kluba olan məhəbbətinin sübutudu.
- “Neftçi”nin qalmaqallı məsələlərlə tez-tez gündəmə gəlməsini və bunların böyük səs-küy yaratmasının səbəbini nədə görürsünüz?
- Hər ölkənin flaqman komandası var. Azərbaycanın da top-komandası “Neftçi”di. Burda baş verən bütün hadisələr həm ictimaiyyətin, həm də xalqın diqqət mərkəzindədi. Buna görə də, ictimaiyyət istəmir ki, bu məsələlərdən yan keçsin. Bu hal Avropanın bütün ölkələrində yaşanır.
- “Simurq” üzərindəki qələbə ilə ilk “üçlük”dəki yerinizi təmin etdiyinizi demək olarmı?
- Mən bu fikirlə razı deyiləm. Qarşıda hələ 7 tur var. “Simurq” bizə ən yaxın rəqib idi. Bu üzdən də qarşılaşmaya çox ciddi yanaşmışdıq. Zaqatalaya matçdan iki gün əvvəl getməyimiz də bunu göstərir. Ancaq qarşıda bizi çətin Lənkəran səfəri gözləyir. Qrafik çox sıxdı. 3-4 gündən bir oyunlarımız olur. Heyətlə bağlı problemlərimiz var, 4-5 futbolçu zədəlidi. Belə vəziyyətdə bu qədər itki çox ciddi məsələdi. Nəzərə alaq ki, hələ Lənkəran səfərindən sonra “İnter”lə ağır kubok oyunumuz olacaq. Üstəlik, “İnter” çempionatda qarşıdakı turu istirahət edərək keçirəcək. Bütün bunlara baxmayaraq, həmin çətin perioddan üzüağ çıxmağa çalışacağıq. Nəyisə bəhanə etmək fikrim yoxdu, sadəcə reallıqları deyirəm. Zədəlilərimiz çox olsa da, Rahil Məmmədov, Elşən Abdullayev kimi gənclərə şans verəcəyik.
- Lənkəran səfərindən söz düşmüşkən, bu komandaların duelləri həmişə gərginliyi ilə seçilib. Aprelin 9-da da “Xəzər Lənkəran”ın qonağı olacaqsınız. Rəqibin heyətindəki dəyişikliyin budəfəki matça nə dərəcədə təsiri ola bilər?
- Düzdü, “Xəzər Lənkəran”ın heyətində gəncləşdirmə siyasəti aparılıb. Ancaq Lənkəranda “Neftçi”yə qarşı prinsipiallıq heç vaxt bitməyib. Əksinə, onlar “Neftçi” ilə matça tamam başqa cür motivasiya olurlar. Bunu özünüz də görəcəksiniz. Üstəlik, azarkeşləri də onlara dəstək verəcək, çünki rəqib “Neftçi”di. Bir sözlə, bizi heç də asan oyun gözləmir. “Artıq arxayınıq, Avrobkuoka vəsiqəni təmin etmişik” fikrindən uzağıq. Qarşıdakı görüşə də növbəti addım kimi baxacağıq.
Ruslan SADIQOV