[b]Bilet almayan ofisiant, bitərəf rus və Çexiya yığmasını sevməyən Nadelə cavab [/b]
11.10.2016 - 18:23
[b]Bilet almayan ofisiant, bitərəf rus və Çexiya yığmasını sevməyən Nadelə cavab [/b]

Millimiz DÇ-2018-in seçmə mərhələsində bu gün növbəti görüşünü keçirəcək. Apasport.az saytının məlumatına görə, Robert Prosineçkinin yetirmələri səfərdə Çexiya ilə qarşılaşacaqlar.

 

Müşahidələrdən belə qənaətə gəlmək olar ki, matça maraq Çexiya ilə müqayisədə, Azərbaycanda daha çoxdu. Hər halda, keçirdiyimiz sorğu Ostrava əhalisinin bugünkü görüşə, həmçinin ümumilikdə futbola o qədər də meyilli olmadığını üzə çıxardı.

 

Sorğuya azərbaycanlı jurnalistlərin yerləşdiyi “Harmony” otelin işçilərindən başladıq. İlk dialoqu ofisiant kimi çalışan Dominik Hemanla qurduq:

 

- Bugünkü matçın necə nəticələnəcəyini düşünürsüz?

- Hansı oyunun?

- Necə yəni hansı oyunun? Əlbəttə ki, Çexiya – Azərbaycan matçının. 

- Çətin sualdı. Necə olacağını bilmirəm (gülür).

- Futbolla maraqlanmırsız?

- Belə də. Hər halda, Çexiyanın qalib gələcəyini düşünürəm.

- Millinizin cari seçmə mərhələdə hələ qələbə qazanmadığını bilirsiz?

- Tilsimi qırmaq lazımdı.

- Deməli...

- Qalib gələcəyik. Hesab da 2:0 olacaq.

- Oyuna bilet almısızmı?

- Xeyr (gülür). Mən stadiona getməyəcəm. Çünki iş qrafikim buna imkan vermir. Amma stadionun dolacağını düşünürəm.

 

Hemandan sonrakı həmsöhbətimiz, barmen Piter Jlabçik də futbolla çox maraqlanmadığını bildirdi. Bununla belə, o da iş yoldaşı kimi, Çexiya yığmasının qələbə qazanacağını düşünür: “Futbolla o qədər də maraqlanmasam da, Dominikdən fərqli, mənim bugünkü oyundan xəbərim var. Qələbə Çexiyanın olacaq. Düzdü, son vaxtlar millimiz bizi məyus edir. Almaniyaya 0:3 hesabı ilə uduzduq. Lakin bu dəfə Çexiya qalib gələcək, özü də 2:0 hesabı ilə”.

 

Otelin qeydiyyat şöbəsində çalışan Anna Halaquçova qadın olsa da, futbola Dominik və Piterdən daha yaxındı. Onlardan digər fərqi isə Çexiyanın qələbəsinə inanmamağıdı: “Qadın olsam da, idmanla maraqlanıram. Mənim üçün ən aparıcı idman növü tennisdi. Amma futbola da arada baxıram. Nəticələri izləyirəm. Televiziyada futbol göstəriləndə çalışıram ki, heç olmasa 5-10 dəqiqə baxım. Ümid edirəm ki, Çexiya Azərbaycanla görüşdə qələbə qazanacaq. Lakin bunun reallaşacağına inanmıram. Çünki Çexiya yığması son vaxtlar yaxşı vəziyyətdə deyil. Proqnozum belədi ki, hesab 2:2 olacaq”.

 

Sorğunu Ostravanın küçələrində davam etdirdik. Fikrini öyrənmək istədiyimiz hər 10 insandan 9-u futbol adı eşidən kimi üzünü turşutdu. 

 

Nəhayət, aralarında 2 rəfiqə ürəkli çıxdı. Eva Votikova futbola baxmadığını desə də, proqnoz verməkdən yayınmadı: “Açığı, futbolla maraqlanmıram. Amma proqnoz verə bilərəm. Çexiya Azərbaycana 2:1 hesabı ilə qalib gələcək”.

 

Evanın rəfiqəsi Nadel Krpişovskaya ilə dialoq isə daha maraqlı alındı:

 

- Siz də eyni fikirdəsiz?

- Xeyr. Mən fikirləşirəm ki, Çexiya uduzacaq.

- Deməli, Azərbaycanı daha şanslı sayırsız...

- Hə (gülümsəyir). Azərbaycan 2:1 hesablı qələbə qazanacaq.

- Siz dəqiq çexiyalısız?

- Oxşamıram ki (gülür)?

- Oxşayırsız. Sadəcə, niyə belə düşünməyiniz mənə maraqlı gəldi...

- Niyə belə düşünürəm? Çünki Çexiya yığmasını sevmirəm. Düzdü, mən çexəm, amma bizim yığmanı bəyənmirəm.

 

Növbəti küçədə daha 2 nəfər sorğumuzun iştirakçısı oldu. Əvvəlcə əlində gül tutaraq, sevgilisini gözləyən Tomaş Kopiçlə ünsiyyət qurduq: “Açığı, futbola o qədər də maraq göstərmirəm. Amma yığmanın oyunlarına arada baxıram. Fikrimcə, qalib gələn tərəf biz olacağıq, özü də 2:0 hesabı ilə”.

 

Pavel Nimek sorğu iştirakçıları arasında Çexiya yığmasına ən çox inanan şəxs oldu. Belə ki, qətiyyətlə çexlərin millimizə qalib gələcəyini bildirdi: “Almaniyaya uduzmağımıza baxmayaraq, bu görüşdə qələbə qazanacağımızı düşünürəm. Hesab isə 1:0 olacaq. Çexiya mütləq qalib gəlməlidi. Almaniyaya məğlubiyyətin əvəzi bu oyunda çıxılmalıdı. Çexiya yığmasına inanıram. Azərbaycan millisinin 2 turdan sonra 6 xalı ola bilər. Amma bu gün qalib Çexiya olacaq”.

 

Sorğunu davam etdirmək üçün “Futurum” ticarət mərkəzinə daxil oluruq. Burda satıcı kimi çalışan Monika Novakova növbəti həmsöhbətimizdi:

 

- Buyurun, nə istəmişdiz?

- Nəsə almaq yox, Çexiya – Azərbaycan oyunu ilə bağlı fikrinizi öyrənmək istəyirdim... 

- Futboldan elə də anlayışım yoxdu. Amma problem deyil.

- Sizcə, kim qalib gələcək?

- Çexiya.

- Futboldan anlayışı olmayan xanım niyə Çexiyanı favorit sayır? Yerlipərəstliyə görə?

- Bəs necə (gülür)? Axı mən çexəm.

- Sizin kimi çex olan başqa bir xanım Azərbaycanın qələbə qazanacağını dedi...

- Deməli, o mənim kimi çex deyil. Mən Çexiya yığmasının fanatıyam.

- Proqnozunuz?

- Azərbaycana 3:2 hesabı ilə qalib gələcəyik. 

 

Alış-veriş mərkəzindən çıxıb otelə qayıdanda sonuncu həmsöhbətimizlə rastlaşdıq. Maraqlı tərəfi də o oldu ki, bizim çexiyalı sandığımız şəxs rus çıxdı. Denis Samadurov üçün kimin qalib gəlməsi böyük rol oynamır: “Mən rusam. İnsanlar arasında fərq görmürəm. Odu ki, Azərbaycan və ya Çexiya yığmasının qələbə qazanmasının fərqi yoxdu. Əsas odu ki, dostluq, insanlıq qalib gəlsin. Yəni, burda hansısa prinsipiallıqdan söhbət getməməlidi. Bu, adi bir oyundu. İdmanda hər nəticə qeydə alına bilər. Həm Çexiya, həm də Azərbaycan yığmasına uğurlar arzu edirəm. Proqnoz vermək mənim üçün çətindi. Amma bilirəm ki, güclü olan qalib gələcək”.

 

Tengiz MƏMMƏDOV / Ostrava, Çexiya

0