[b]Topaz Premyer Liqası: Bu gün rekord günüdü! [/b]
20.05.2016 - 16:22
[b]Topaz Premyer Liqası: Bu gün rekord günüdü! [/b]

Bu gün Azərbaycan futbolunda rekord qeydə alınacaq. Apasport.az saytının məlumatına görə, buna bürünc medal qazanan komanda səbəb olacaq.

 

Son turun görüşləri ərəfəsində bu medala 3 iddiaçı qalıb. Bunlar “İnter”, “Qəbələ” və “Kəpəz”di.

 

Artıq qızıl və gümüş medalı təmin edən “Qarabağ” və “Zirə”nin ardından hansı komanda ilk “üçlüy”ə düşsə, həmin klub rekord müəllifi kimi tarixə düşəcək.

 

Taleyi öz əlində olan və bu üzdən bürünc medala daha yaxın “Qəbələ” Gəncədə “Kəpəz”i məğlub etsə, ardıcıl 3-cü dəfə bürünc qazanacaq. Bu, Azərbaycan futbolunda ilk belə hadisə olacaq. İndiyədək heç bir komanda ardıcıl 3 dəfə 3-cü yeri tutmayıb.

 

“Turan” 1992 və 1993, “Neftçi” 1998/99 və 1999/2000, “Qarabağ” 2009/10 və 2010/11, “İnter” 2011/12 və 2012/13 mövsümlərində qazandığı üçüncülüyü davam etdirə bilməyib. “Qəbələ” 2013/14 və 2014/15 mövsümlərdəki uğurunu təkrarlamağa yaxındı. Ümumilikdə isə yalnız iki dəfə eyni komanda ardıcıl 3 dəfə eyni əyarlı medal qazanıb. Bu, qızıl mükafata yiyələn “Neftçi” və “Qarabağ”a nəsib olub.

 

Bürünc medal “İnter”in olsa, bakılılar başa çatan ardıcıl 5 çempionatda mükafat qazanmaq rekordunu təkrarlayacaq. Ölkə çempionatlarında yalnız “Neftçi” belə uğura malikdi. “Ağ-qaralar” 2003/04 və 2004/05-də qızıl, 2005/06-da bürünc, 2006/07-də gümüş və 2007/08-də yenidən bürünc qazanıb.

 

Əslində, “Neftçi”yə məxsus rekord daha uzun sayıla da bilər. Çünki 2001/02 mövsümü yarımçıq qaldığından onların 3 medaldan ibarət seriyası məcburiyyətdən qırılıb. Həmin çempionatı ümumiyyətlə hesaba almasaq, “ağ-qaralar” ardıcıl 8, “Şəmkir” isə ardıcıl 5 dəfə medalçılar sırasında yer alıb. Amma onların hər ikisi buna fasilə ilə imza atıb.

 

“Kəpəz”in də medalı rekordla əlamətdar olacaq. Son medalını 1999/2000 mövsümündə əldə edən gəncəlilər 16 ildən sonra “üçlüy”ə düşməklə rekord vuracaq. Çünki indiyədək heç bir komanda bu qədər fasilədən sonra mükafatçılar sırasına qayıtmayıb. Hazırda bu rekord 8-ə bərabərdi. 1997/98 mövsümündə gümüş əldə edən “Dinamo” adını “Bakı”ya dəyişib, 2005/06 mövsümünün qızılını qazananadək 8 il gözləyib.

 

0