[b]Qurban Qurbanov: Heç kim deyə bilməz ki...[/b]
23.06.2014 - 16:30
[b]Qurban Qurbanov: Heç kim deyə bilməz ki...[/b]

“Çempionlar Liqasının ilk 2 mərhələsində ancaq öz ölkələrinin çempionları çıxış edir. İlk rəqiblərimiz müəyyənləşən zaman apardığımız araşdırma zamanı gördük ki, hər birinin avrokubok təcrübəsi var. Nəzəri cəhətdən hər birinin uğur qazanmaq şansı vardı”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

Bu gün İsveçrənin Nyon şəhərində keçirilən püşkatmanın nəticəsinə əsasən, Ağdam təmsilçisi Çempionlar Liqasının II təsnifat mərhələsində Maltanın “Valletta” komandası mübarizə aparacaq. Qurbanov klubun saytına püşkü dəyərləndirib: “Valetta” ilə qarşılaşacağıq. Rəqibin daimi avrokubok  təcrübəsi var. Millisində bir neçə futbolçusu var. Azərbaycan millisiylə qarşılaşdığı zaman mübarizə aparan, sonadək döyüşən xarakterlərinin olduğunu görmüşdük. Heç kim deyə bilməz ki, biz mərhələni keçmişik. İlk oyuna qədər yetərincə vaxtımız var. Çalışacağıq ki, rəqib haqqında məlumat toplayaq. İstənilən rəqibə hörmətlə yanaşırıq. Futbol artıq elə bir dönəmə gəlib ki, zəif-güclü anlayışı yoxdu. Biz hər zaman meydana qələbə üçün çıxırıq. Amma rəqibə hörmətlə yanaşmalı və ciddi olaraq hazırlaşmalıyıq”.

 

Qeyd edək ki, ilk matçı səfərdə keçirəcək “Qarabağ” cavab oyununa Bakıda çıxacaq. 

0