[b]"Bu cür oynasaq, qələbə qazanmaq çətin olacaq" - MÜSAHİBƏ[/b]
11.10.2015 - 01:15
[b]"Bu cür oynasaq, qələbə qazanmaq çətin olacaq" - MÜSAHİBƏ[/b]

Bakı Olimpiya Stadionunda ilk oyununa çıxan yığmamızı rekord sayda azarkeş dəstəkləsə də, matç komandamızın məğlubiyyəti ilə yekunlaşıb. İtaliya ilə üz-üzə gələn millimiz 1:3 hesabı ilə yenilib. Oyundan sonra yığmamızın yarımmüdafiəçisi Rahid Əmirquliyev apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Son ev oyunu məğlubiyyətlə sonuclandı. Sensasiya eləməyə gücünüz yetmədi?

- Həqiqətən də oyun ağır keçdi. Bunu əvvəlcədən də bilirdik. Çünki rəqibimiz dəfələrlə dünya çempionu olmuş İtaliya millisidi. Çalışdıq ki, ən azı layiqli oyun nümayiş etdirək, stadiona toplaşan azarkeşlər məyus olmasınlar. Nəyi bacardıq, onu da etdik.

 

- Yeni stadionda oynadınız. Meydana çıxanda bunu hiss edirdinizmi?

- Hansısa xüsusi həyəcan yoxdu. Amma rəqib çox güclü idi.

 

- Sizə hansı stadionda oynamaq daha rahatdı – Tofiq Bəhramov adına Respublika stadionunda, yoxsa Bakı Olimpiya Stadionunda?

- Ən yaxşısı “Bakcell Arena”dı. Orda oynadığımız oyunlarda uğurlu nəticələr qazanırıq. Həm də tribunalar meydana çox yaxındı. Nəticəni stadionla bağlamaq olmaz. İtaliya çox yaxşı oynadı.

 

- Nəticə oyuna görə oldu?

- Belə demək olar.

 

- İkinci hissədə bir epizod oldu: top sizə dəyib qapıya tərəf getdi. Əksəriyyət qol olacağını gözləyirdi…

- Oyun ərzində az epizodumuz oldu. Çalışdıq ki, heç olmasa bu epizodlardan yararlanaq. Ancaq alınmadı.

 

- Bolqarıstana qarşı bu cür oynasanız, qələbə qazanmaq mümkün olacaq?

- Bu cür oynasaq, qələbə qazanmaq çətin olacaq.

 

- Niyə? Axı baş məşqçi Robert Prosineçki komandadan razı qaldığını deyib.

- Razı qala bilər. Buraxdığımız qollarda kobud səhvlərə yol verdik. Bunu etməməli idik.

 

- Bədavi Hüseynov növbəti oyunu buraxacaq. Onun yoxluğunu itki hesab etmək olarmı?

- Mərkəz müdafiəçilərimiz var. Ruslan Abışov həmin boşluğu doldura bilər. Təbii ki, Bədavinin yoxluğu itki olacaq, amma onu əvəz edəcək oyunçular var.

0