İbrahim Şehiç: “Qəbələ” ilə kubok oyunu çətin keçəcək - MÜSAHİBƏ
10.03.2014 - 13:56
İbrahim Şehiç: “Qəbələ” ilə kubok oyunu çətin keçəcək - MÜSAHİBƏ

“Qarabağ”ın bosniyalı qapıçısı İbrahim Şehiçin Premyer Liqanın XXV turunun “Bakı” ilə oyunundan (4:0) sonra apasport.az saytına müsahibəsi

- Turnir cədvəlindəki yaxın rəqiblərinizdən biri olan “Bakı”nı bu cür asan yenəcəyinizi gözləyirdinizmi?
- Deməzdim ki, asan qələbə qazandıq. Hər bir qələbə çətinliklə əldə edilir. Bu gün də çətin oyun oldu. Reynaldo və Çumbinyo, eləcə də müdafiə xətti çox yaxşı çıxış etdi. Ümumiyyətlə, komandamız əla oyun nümayiş etdirdi və layiqli qələbə qazandıq.

- Oyun başlayanda azarkeşlər “5 qol” deyə qışqırırdı. Amma 4 qol vurdunuz. Onlar bunu səsləndirən zaman bu qədər qol vuracağınız nə dərəcədə real görünürdü?
- Kənardan neçə göründüyünü deyə bilmərəm, amma bu qələbə çətinliklə əldə edildi. Azarkeşlərimiz də bizi yaxşı dəstəklədilər. Onlar komandamızın üzvlərini ruhlandırmağı bacardılar. Futbolda səhvlər olur. Vacib olan bunu az etməkdir. Bugünkü nəticəyə görə çox xoşbəxtik. Finişə birinci çatmağa çalışacağıq.

- İkinci pillədə yer alan “Qəbələ” ilə xal fərqini 9-a yüksəltdiniz. Çempionluq şansınızın bir qədər də artdığını söyləmək olarmı?
- Hazırda yaxşı mövqe əldə etmişik. Xal fərqini də artırdıq. Ancaq diqqətli olmalıyıq. Bəzən aşağı pillələrdə yer alan komandalarla oyunlarda büdrəmək mümkündür. “Rəvan”, “Sumqayıt” aşağı sıralarda yer alsalar da, iddialı komandaları məğlub ediblər. Bu komandalarla oyunlarda səhvə yol verməməliyik.

- Yeri gəlmişkən, ölkə kubokunun 1/4 final mərhələsi çərçivəsində “Qəbələ” ilə qarşılaşacaqsınız…
- “Qəbələ” ilə əvvəlki oyunlarda qələbə qazansaq da, çətin rəqibdir. Buna görə də kubok oyununun çətin keçəcəyini deyə bilərəm.

- Çempionatda 3 dəfə məğlub etdiyiniz rəqiblə duelə necə hazırlaşacaqsınız?
- Çempionatdakı qələbələrimiz bizi arxayınlaşdırmamalıdır. Hər oyunun öz ağırlığı, məsuliyyəti var. “Bakı” ilə qarşılaşmanı yaddan çıxarıb, bu oyunu düşünməliyik.

0