Dekuya Azərbaycanda oynamaq təklif edilib
20.12.2008 - 11:47
Dekuya Azərbaycanda oynamaq təklif edilib
Bakının “İnter” klubuna təklif olunan daha 4 futbolçunun adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, futbolçularını Azərbaycan çempionuna vermək niyyətində olan Bolqarıstan “Levski”i daha 4 oyunçusuna ölkə xaricində komanda axtarır. Sofiya təmsilçisi Miroslav İvanov, Jivko Milanov, Georgi Petkov və Yusuf Rabenin başqa komandaya keçidində maraqlıdır.

Vətənində “Şumen Dekusu” kimi tanınan İvanov son 4 ildə çıxış etdiyi “Levski”də 81 çempionat matçına 11 qol vurub. Daha çox UEFA kubokunda “Herenven”ə vurduğu qolla məşhurlaşan 27 yaşlı yarımmüdafiəçi əvvəllər “Yantra” və “Panayot”un da şərəfini qoruyub.

“Levski”nin yetirməsi olan Milanov karyerası ərzində yalnız bu klubda çıxış edib. 2002-ci ildən əsas komandada debüt edən 24 yaşlı müdafiəçi iki dəfə ölkə çempionu, 3 dəfə kuboku qazanıb. Bolqarıstanın 21 yaşlılardan ibarət millisində 14 matç keçirən Jivko 2006-cı ildə əsas yığmada da debüt edib. Amma bu, müdafiəçinin millidə yeganə oyunu olub.

Transferə çıxarılanlar arasında ən təcrübəlisi olan 32 yaşlı Petkov karyerasını “Xebr” klubunda başlayıb. Sonradan “Slaviya”ya keçən qapıçı 7 il əvvəl 400 min dollara “Levski”yə transfer olunub. Üç dəfə ölkə çempionluğunu, 4 ölkə kubokunu qazanan Petkov 2002-ci ildə ölkəsinin ən yaxşı qapıçısı seçilib. Üç il əvvəl Bolqarıstan millisinə dəvət olunan Georgi bu komandada 12 oyun keçirib.

İl yarım əvvəl “Levski” Rabe ilə 4 illik müqavilə üçün 750 min avro xərcləmişdi. 23 yaşlı mərakeşli müdafiəçi əvvəllər vətənində “Rabat”, Səudiyyə Ərəbistanında isə “Əl-Əhli”nin şərəfini qoruyub. Üç il əvvəl Yusuf Mərakeş yığmasının heyətində 20 yaşlılar arasında dünya çempionatının yarımfinalında da oynayıb.

Qeyd edək ki, “Levski”nin “İnter”ə təklif etdiyi oyunçular siyahısında Daniel Kiş və Boyan İliyev də var.
0