Region Liqası, yoxsa bataqlıq?
19.01.2024 - 21:56
Region Liqası, yoxsa bataqlıq?

"Mən say xətrinə çoxlu klublar yox, peşakar və daha da peşakarlaşan komandaların çoxluq təşkil etdiyi çempionat görmək istəyirəm".

Bu sözləri tez-tez çıxışlarında PFL-in vitse-prezidenti Aslan Şahgəldigev səsləndirərdi. (Allah şəfa versin). Bu mövqeyinə görə PFL rəsmisini qınayanlar da tapılırdı:
“Bu insan futbolumuzun inkişafını istəmir”, “aşağı liqalarda komandaların sayını artırmağa imkan vermir” və s. bu kimi ifadələrlə Şahgəldiyevə müxalif çıxırdılar. Bu gün 1-ci, 2-ci və Region Liqasındakı vəziyyətə baxanda cənab Şahgəldiyevin ölənlərinə rəhmət oxuyub, onu qınayanları qınayırsan.

Yuxarıda qeyd etdiyim çempionatlardakı təmsilçilərin əksəriyyətinin infrastrukturu, bazası, stadionu sponsoru yoxdur. Əksəriyyət də sadaladıqlarımı AFFA-dan, dövlətdən gözləyir. Amma demək olar heç bir klub əziyyət çəkmək istəmir. “Ver yeyim, ört yatım” ənənəsi burda da özünü göstərir. Region Liqasında vəziyyət daha acınacaqlıdır. Onu da xüsusi vurğulayım ki, doğma yurdum Qazax daxil, bütün bölgələrdə idmanın şahının populyarlaşmasının və hər bir rayon təmsilçisinin peşəkar liqalarda çıxış etməsinin tərəfdarıyam. Eləcə də Azərbaycan SSR-də və 90-cı illərdə mövcud olan klublarımızın yenidən bərpa olunmasının da tərəfdarıyam. “İpəkçi”, “Pambıqçı”, “İnşaatçı”, “Bakı Fəhləsi”, “Bakılı”,  “Xəzri” və digər klublar yenidən futbolumuzun zənginləşməsi üçün fəaliyyətlərini bərpa etsə, yaxşı olardı. Amma və lakin...

Arzu, istək reallıqlardan üstün deyil. Nə qədər acı olsa da, reallıq odur ki, hazırda əksər bölgəmizin təmsilçiləri "xala xətri qalmasın" düşüncəsiylə futbol oynayırlar. Cari futbol ilində 1-ci liqa təmsilçiləri ilə əvəzedicilərin çempionatının ayrılması, yeni 2-ci liqanın yaradılmasına sevindik. Region Liqasının startı bir xeyli gecikdi. Hər dəfə bunun səbəbini soruşanda “oynamaq istəyən, amma çatışmazlıqları bol olan klublar çoxdu” deyə cavablar aldıq. Buna rəğmən ləngimədə də bir xeyir gözlədik. Düşündük ki, komandalar çatışmazlıqlarını aradan qaldıracaq və əvvəlki illərlə müqayisədə daha güclü, rəngarəng, intriqalı Region Liqası görəcəyik. Amma 40 təmsilçisi olan bu turnirdə nöqsanlar, biabırçılıqlar daha çox göz oxşayır...

Bu gün adı çəkilən liqada kimi dindirirsən “bölgəmizdə futbolu ölməyə qoymuruq” deyir. Təbii ki, onlar içərisində bütün çətinliklərə və haqsızlıqlara rəğmən sözü ilə əməli bir olanlar da var. Bir-bir adlar çəkmək istəmirəm. “Bölgəmizdə futbolu ölməyə qoymuruq” deyib, hər turda meydanda rüsvay olub, dəfələrlə ölən klublar çoxdu. Bunlardan biri də Füzulinin “Ərgünəş”idir. Komanda yola saldığımız 5 turda darmadağın olmaqla diqqət çəkir. Klub son oyunda Saatlı səfərində “Ümid”ə 14:0 hesabıyla boyun əydi. Yaxud boynu qırıldı... “Ərgünəş” oyundan-oyuna nəticələrini yaxşılaşdırmaq əvəzinə antirekordları sıralayır. Sanki, komanda elə biabır olmaq üçün Region Liqasında çıxış etməyə can atırmış. Bölgə təmsilçisi 5 oyuna 5 məğlubiyyət alıb, rəqib qapılarından 4 top keçirib, öz qapısından isə nə az, nə çox 35 top buraxıb. Bu bir kənara komandada təcrübəsi olan oyunçu yoxdur. Bundan da betər, faciəvi tərəf odur ki, “Ərgünəş”in qapıçısı yoxdur. Ona görə, baş məşqçi müdafiəçisini məcbur olub, qapıçı kimi oynadır. Klubun rəhbəri və baş məşqçisi qeyd edir ki, maliyyə cəhətdən yoxsul olduğumuza görə futbolçulara pul ödəyə bilmirik. Ona görə də, oyunçuların hər biri dolanmaq üçün müxtəlif sahələrdə çalışır. Kimisi fəhlədir, kimisi bələdçi, kimisi də satıcı işləyir. Məhz buna görə də elə oyunçular var ki, nə məşqimizdə, nə oyunlarımızda iştirak edirlər. Bununla yanaşı, ev oyunlarımızı da Ağcabədidə keçiririk.

Heç kim məndən inciməsin, amma bu cür komandaların Region Liqasında çıxış etməsi doğru deyil. Belə “klub”lar özləriylə yanaşı digər təmsilçilər (əsas da peşəkarlaşmaqda olanlar) üçün də böyük problem, təhlükədir. Sabah heyətində məhəllə səviyyəsindən də aşağı olan oyunçuların yer aldığı “Ərgünəş” kimi komanda hansısa klubla qarşılaşmada rəqibin heyətində perspektivli oyunçuları zədələyərək ən yaxşı halda müəyyən müddət yaşıl meydandan kənar qoyacaq, ən pis halda isə futbola əlvida dedizdirəcək. Bunun da ən böyük zərbəsi yenə ölkə futboluna dəyəcək. Kim bilir, bəlkə zədələnərək sıradan çıxan həmin 16, 17, 18 yaşlı oyunçular Azərbaycanın gələcək Zaur Tağızadəsi, Qurban Qurbanovu, Vəli Qasımovu olacaqdı...

İndi hansısa populistlər başlayacaq “Ərgünəş” tarixi ənənəsi olan klublarımızdandır", "onun vaxtları var idi" və s. kimi ifadələrə mənə ağıl öyrətməyə...

Ay yoldaşlar, keçmişi qorumaq yaxşı haldır. Amma hazırkı vəziyyətdə 1 metr inkişafa doğru addımalamaq keçmişdə ilişib qalmaq biabırçılıqdır. Qədim Roma, Qədim Yunanıstan, Monqolustan İmperiyası, Ərəb Xilafəti də bir vaxtlar dünyaya ağalıq edirdi. Amma indi həmin coğrafiyadakı dövlətlər hansı vəziyyətdədir?! Qüdrətli keçmiş güclü gələcək üçün körpü rolunu oynamırsa, onu sadəcə uşaqlara yatmamışdan öncə nağıl kimi oxumaq olar. Maksimum.

Sözüm tək Füzuli təmsilçisinə aid deyil, bü cür komandalarla bağlı cidd ölçü götürülməlidir. Artıq Region Liqasında da ciddi islahatlar aparılmalıdır. Hesab edirəm ki, AFFA növbəti mövsüm üçün bu liqada aşağıdakı qaydaları tətbiq etməli və sadalanan standartlara cavab verən klublar çempionata buraxılmalıdır.  

Minimum standartlara cavab verən infrastrukturu (əsas da stadionu), bazası olmalıdır.
Hər bir klub zəruri ehtiyacların ən azı 30 % qarşılamaq iqtidarında olmalıdır.
Komandanın sükanı araxasında peşəkar futbolçu karyerası olan və ya idman sahəsində yüksək təhsili olan şəxslər olmalıdır.
Komandanın iştirak ərizəsində ən azı 3 təcrübəli futbolçu (peşəkar karyerası olan və ya peşəkar karyerasını sonladıran) yer almalıdır.
Hər bir Region Liqa təmsilçisinin ən azı 3 yaş qrupu üzrə ( U-10, U-12, U-14) uşaq komandaları olmalıdır.
Hər bir təmsilçi çempionatda iştirak etməklə yanaşı, peşəkarlaşma yolunda ciddi addımlar atmalı və bu yöndə aidiyyatı qurumlara il ərzində hesabatlar verməlidir.

 

Gəlin, Region Liqasına "axı bura həvəskarların turniridir" deyib yola verməyək. Unutmayaq ki, hər bir ulduz futbolçu məhlədə addım atır, sonra futbol məktəbində sistemli məşqlərlə yetişir, aşağı yaş qrupları üzrə çempionatlarda və həvəskar liqalarda çıxış etməklə böyüyür, sonra peşəkar turnirlərə keçid etməklə püxtələşir. Fəaliyyət, yaradıcılıq, o cümlədən də futbol məşqi həvəsdən başlayır. İstənilən sahədə ilk addım həvəsdirsə, növbəti addımlar peşəkarlaşmağa doğru pillələri aşmaqdır.

Unutmayın ki, Region Liqası bir çox yeniyetmə futbolçuların üzə çıxması üçün ilk döyüş raundudur. Xülasə, gəlin bu liqanın inkişafı üçün addımlar ataq, onu bataqlığa çevirməyək. Onsuz da, ölkə futbolu xirtdəyə qədər palçıq içindədir...

 

Abdulla İsmayıloğlu

writer photo
Abdulla İsmayıloğlu
0
image Oxşar xəbərlər