Kriştiano Ronaldonun Fitness və Məşq Sirləri: Fit Qalmağın Yolları
23.07.2024 - 14:21
Kriştiano Ronaldonun Fitness və Məşq Sirləri: Fit Qalmağın Yolları

Portuqaliyalı ulduz futbol tarixinin ən atletik futbolçularından biri hesab edilir. Bəs o bu səviyyəyə necə çatıb?

Təbii ki, Ronaldo dünyaya bu xüsusiyyətləri ilə gəlməyib. 2003-cü ildə “Sportinq”dən “Mançester Yunayted”ə keçən o arıq, sısqa uşağı hər kəs yaxşı xatırlayır.

Kriştiano Ronaldo necə məşq edir?

Hər şeydən əvvəl, zədələnmə riskini azaltmaq üçün isinmə hərəkətləri ilə başlayın. Ronaldo deyir ki, meydançada məşq edərkən bir neçə tur gərmə və kardio isinmə hərəkətləri həyata keçirirlər. Qaçış aparatında qaçsanız və ya velosipeddə isinsəniz belə, hər məşqinizdə oxşar şeylər elədiyinizə əmin olun.

Ronaldo məşq prosesində müxtəlif hərəkətləri qarışdırmağın tərəfdarıdır. Bədənin bütün bölgələrini hədəfləmək və məşqlərin həm gücü, həm də dözümlülüyü artırmasına nəzarət etmək lazımdır. 

Kriştiano məşqlərdə sürət üzərində işləməyin çox vacib olduğunu deyir. İstər idman zalında, istərsə çöldə olsun, məşq prosesində sürəti inkişaf etdirmək, qaçmaq lazımdır.

Ronaldonun məşqləri idman zalları ilə məhdudlaşmır. Portuqaliyalı mümkün olan hər yerdə məşq etməyi məsləhət görür.

Səhər oyananda və ya yatmazdan əvvəl yataq otağınızda qarın əzələsi üçün məşqlər edə bilərsiniz. Bunu rutin halına salsanız, zaman keçdikcə sizin üçün daha rahat olacaq.

Kriştiano Ronaldo nə yeyir?

Ronaldo pəhrizə çox əhəmiyyət verir. Bu, təəccüblü deyil. O deyir ki, yaxşı məşq yaxşı pəhrizlə birləşdirilməlidir. Xeyli kəpəkli karbohidrat, meyvə və tərəvəzdən ibarət yüksək proteinli pəhriz seçir və şəkərli qidalardan qaçır.

Portuqaliyalının “Real Madrid” günlərindən bəri yanında olan şəxsi dietoloqu var. Hər üç və ya dörd saatda bir olmaqla, gündə altı dəfə az-az yemək yeyir.

Ronaldo balıqları çox sevir. Ən sevdiyi yemək morina, soğan, incə dilimlənmiş kartof və yumurta qarışığı olan “bacalhau a braz”dır. Həmçinin, bol miqdarda meyvə və yağsız proteinlə qidalanır. Ronaldo restoranlarda tez-tez bifsteyk və salat sifariş etdiyini, heç vaxt donmuş bir şey yemədiyini, yediyi hər şeyin təzə olduğunu deyir.

Kriştiano səhər yeməyində pendir, jambon, az yağlı qatığın yanında bol meyvə və avokado tostuna üstünlük verir.

Ulduz futbolçu bunları da məsləhət görür:

“Nizamlı yeyin. Sistemli məşq edirsinizsə, daha yaxşı performans və bədəninizin qidalanması üçün enerji səviyyəsini yüksək tutmaq vacibdir. Hər seansı ən yüksək səviyyədə həyata keçirmək və lazımi enerjimin olduğundan əmin olmaq üçün bəzən gündə altı dəfəyə qədər az-az yemək yeyirəm”.

Ronaldo su içməyin də çox vacib olduğunu vurğulayır. Vücudunu ən yaxşı vəziyyətdə saxlamaq üçün etdiyi fədakarlıqlardan biri alkoqol və qazlı içkilərdən uzaq durmaqdır.

2021-ci ildə Avropa Çempionatında “Koka-Kola”nı tənqid edən etməsi ilə gündəmə gələn Kriştiano insanları zərərli içkilər deyil, su içməyə çağırdı.

Kriştiano Ronaldonun başqa hansı sirləri var?

Sağlam həyat tərzi Ronaldonun hər gün bir neçə saatını ayırdığı bir şey deyil, hər zaman bağlı qaldığı dəyərdir.

Burda söhbət yalnız fiziki inkişafdan getmir, sağlam həyat tərzinin insan zehninə də çox müsbət təsiri var. Ronaldo deyir ki, bədənimiz qədər zehnimizi də öyrətməliyik. Zehni güc fiziki güc qədər vacibdir və hədəflərə çatmaqda kömək olur.

Nizam-intizamlı olmaq lazımdır. Özünüzü motivasiya etmək və rutininizə bağlı qalmaq çox vacibdir. Hədəflər müəyyənləşdirərək və bir məşq ortağı ilə çalışaraq rutininizə rəqabət gücü əlavə edə bilərsiniz.

Ronaldo məşq etmədiyi vaxtlarda böyük şöhrətinə və marağa baxmayaraq, rahat, sakit bir həyat sürməyə çalışır. 

Kriştiano bunları əlavə edir:

“Məşqlər və fiziki seanslar ən vacibidir. Rahat bir həyat yaşamaq fiziki və zehni cəhətdən ən yaxşı vəziyyətə çatmağa kömək edir. Boş vaxtımı ailəm və dostlarımla keçirirəm, bu məni rahatladır və müsbət auraya salır”.

Ronaldonun fitness rejimində bənzərsiz olan şey ənənəvi olaraq gündə 8 saat yatmamasıdır. Bunun əvəzinə gün ərzində 5 dəfə 90 dəqiqəlik fasilələrlə yatmağa üstünlük verir.

Professor Littlehales yuxu rejimi ilə bağlı kitabında yazır ki, idmançılar üçün tam bir gecə yuxusu əvəzinə hər gün 90 dəqiqədən ibarət 5 seans daha faydalıdır. Kriştiano da bu məsləhətə çox ciddi yanaşır.

Kriştano Ronaldonun pəhrizinə nələr daxildir?

Ulduz futbolçunun digər futbolçularla müqayisədə daha az yağ miqdarına sahib olmasının əsas səbəblərindən biri çox məşq etməsindən əlavə, qidalanmasına ciddi fikir verməsidir. İdeal və güclü vücud sağlam qidalanma ilə başlayır. Yəni, Ronaldo sadəcə yaxşı məşq eləmir, həm də yaxşı qidalanır.

Ronaldo tərkibində yüksək miqdarda yağ və şəkər olan qidalardan imtina edir. O, alkoqollu içkilərdən də uzaq dayanır. İdeal fiziki vəziyyətin təməlləri bu şəkildə atılır.

Kriştianonun qida rasionunun əsas nöqtələrindən biri proteindir. Protein bütün idmançılar üçün çox vacibdir. 

Kriştino Ronaldo kimi davamlı idmanla məşğul olan insanların çoxlu protein qəbul etməsinin səbəbi bu maddənin yorğun damarları, əzələ və nayihələri bərpa etməyə kömək etməsidir. Protein insana enerji və güc verir, çevikliyi artırır. 

Günə səhər yeməyi ilə başlayan futbolçu fasilələrlə az-az 6 dəfə yemək yeyir. Səhər yeməyində protein və karbohidratla zəngin qidalara üstünlük verir. Günorta yeməyində meyvə, tərəvəz, yağ və duzsuz makaron kimi aşağı kalorili məhsulları seçir. Axşam yeməyindəki qidalar isə protein, vitamin və karbohidratla zəngin olur.

5 maddədə Kriştiano Ronaldo kimi olmaq

1. Çox çalışmaq. Ən yaxşı olmaq üçün motivasiya ən yaxşı açardır.
2. Dünya sənin idman zalındır. Məşq etmək üçün özünüzü bir yerlə məhdudlaşdırmayın. Rutini səhər və gecə evdə davam etdirmək mümkündür.
3. İçki qadağası. Heykəl kimi olmaq istəyirsənsə, artıq gecə həyatı yoxdur!
4. Yediyin şeydən ibarətsən. Bol miqdarda protein ehtiva edən nizamlı bir pəhriz ən yaxşısıdır. Şəkərli yeməklərdən uzaq dayanın.
5. Rahatlayın. Evdə ailəniz və dostlarınızla dincələrək zaman keçirin, ən vacibi isə bol miqdarda yuxudur.

Kriştiano Ronaldonun yuxu rejimi

Ronaldo matç və məşqlər xaricində həyatını evində ailəsi ilə keçirir. Psixologiyasını həmişə müsbət yöndə tutmaq üçün professional dəstək alır. Gecə yuxusuna çox diqqət ayırır. Düzgün yuxu rejiminin məşq və qidalanma qədər dəyərli olduğuna inanır. Düzgün rejim əzələlərin inkişafı üçün də çox faydalıdır.

Ulduz futbolçular necə qidalanır?

“Marca”nın 2022-ci ilə aid yazısında Benzema, Messi və Ronaldonun necə qidalandıqları barədə danışılır. Xəbərə görə, bu 3 ulduzun uğurlarının arxasında tərkibində dəniz yosunu olan qidalar dayanır.

Dəniz yosununu həm məşqdən əvvəl, həm də sonra yemək olar. Onun ən yaxşı xüsusiyyəti ət, balıq və tərəvəz məhsullarının 7 qatına qədər daha çox protein qatqısı təmin etməsidir. Dəniz yosunu demək olar ki, özündə bütün vitaminləri birləşdirir və immun sistemini gücləndirib, toksinləri bədəndən atmağa kömək edir.

   

0