Haitinin formasında Polşa bayrağı – Səbəbi dizayn səhvi deyil
10.06.2026 - 12:08
Haitinin formasında Polşa bayrağı – Səbəbi dizayn səhvi deyil

Haiti millisi dünya çempionatında geyinəcəyi rəsmi formasına Polşa bayrağını əlavə edib.

Apasport.az xəbər verir ki, bu detal dizayn səhvi yox, iki xalq arasında əsrlərdir davam edən dostluğun simvoludur.

1802-ci ildə Napoleon Polşa legionlarından minlərlə əsgəri Haitidəki qul üsyanını yatırmaq üçün adaya göndərib. Lakin polşalı hərbçilərin böyük qismi azadlıq uğrunda mübarizə aparan haitililərə qarşı döyüşməkdən imtina edərək onların tərəfinə keçib.

Onlar Fransa ordusuna qarşı haitililərlə birlikdə mübarizə aparıblar.

Haiti 1804-cü ildə müstəqilliyini qazandıqdan sonra ölkənin ilk lideri Jan-Jak Dessalin polşalılara vətəndaşlıq verib. O, onları konstitusiyada “Avropanın qaraları” kimi təqdim edərək böyük ehtiram göstərib.

Aradan 200 ildən çox vaxt keçməsinə baxmayaraq, Haiti polşalıların bu həmrəyliyini unutmayıb. Milli komandanın futbolçuları formalarında Polşa bayrağını daşımaqla azadlıq uğrunda verilən ortaq mübarizənin xatirəsini yaşadırlar.

Qeyd edək ki, Haiti millisi DÇ-2026-da C qrupunda Braziliya, Mərakeş və Şotlandiya ilə mübarizə aparacaq.