"Anamın yasında tribuna uşaqları qohumlarımdan çox idi"
01.02.2024 - 15:12
"Anamın yasında tribuna uşaqları qohumlarımdan çox idi"

Bu fotoseriyada böyük xəyalları olub, kiçik gerçəklərlə yaşayan, sevgisini bir kluba, həyatını tribunaya həsr edən, sevimli komandasına qarşı ürəyi inam və sevgi ilə dolu olan Aqilin xatirələrini görəcəksiniz.

Açıklama yok.

Aqil Məmmədquliyev – məşqçi, stajlı “Neftçi” azarkeşi, koordinator, həmçinin qayğıkeş ailə başçısıdır. O, 1980-ci ildə Bakıda dünyaya göz açıb. Çoxları onu “Laçın” təxəllüsü ilə tanıyır. Bu ləqəb ona nənəsindən yadigardır:

“Laçınlıyam, amma təxəllüsümün bununla birbaşa əlaqəsi yoxdur. Uşaq vaxtı o qədər hündür olmuşam ki, nənəm mənə bu ləqəbi qoyub. “Laçın oğlanı kimi hündürsən” deyərdi”. 

Açıklama yok.

Aqil, ilk dəfə 4-5 yaşlarında atası ilə oyunlara getməyə başlayır. 13 yaşından isə dərslərdən qaçıb, futbol izləmək üçün stadiona gedir:

“Kökümüz, bünövrəmiz elə qoyulmuşdu ki, ancaq “Neftçi”yə baxırdıq”.

Gedirdi, çünki bir hiss Aqili ora çəkirdi. Gün keçdikcə hər şey dəyişir, “Neftçi” sadəcə bir futbol klubu olmaqdan çıxırdı:

“Gündəlik yemək yemək, işlərimlə məşğul olmaq, ailəmi düşünmək kimi rutinə “Neftçi” də daxil  oldu”.

Açıklama yok.

Zaman keçdikcə, “Neftçi”yə olan sevgi oyunun 12-ci adamlarını bir araya gətirməyə başladı. Bu sevgi altında həm sevinib, həm də ağlayacaqdılar, amma artıq qapı arxasında birlikdə olacaqdılar.  

“1990-cı illərin ortalarında artıq təşkilatçılıq başladı. Əsas liderlər 5-6 nəfər idi. İlk qurultayımız oteldə baş tutmuşdu. İndiki bannerlər, onda adi kardonlar idi. Gücümüz nəyə çatırdısa, onu edirdik. Çox bəstələri, şüarları da özüm yazırdım. 1998-99-cu illər idi, artıq "Azad azarkeşlər" qrupu olaraq ədliyyə nazirliyindən qeydiyyatdan da keçmişdik”. 

Açıklama yok.

“Bu yolda məndən daha çox əziyyət çəkənlər olub. Mən bu siyahıda ortalardayam”.

O, “Neftçi”nin onları bir araya gətirdiyi şəhid dostunu yad edir:

“Rüfət döyüş bölgəsində kəşfiyyat rəisi idi, amma “Neftçi”nin oyunlarına icazə alıb gəlirdi. Heç bir oyunu qaçırmazdı”. 

Açıklama yok.

“Nə yağış, nə leysan bilər. Arxanca hər yerə gedər”.

Ən böyük və bəlkə də tək ortaq nöqtələri “Neftçi” sevgisi olan bu insanlar yağışlı, qarlı havalarda tribunada, yollardadırlar. Amma dəyişməyən bir şey var: onlar hər zaman çiyin-çiyinədirlər. Elə buna görədir ki, Aqil “mənim artıq “Neftçi”siz dostum yoxdur”deyir . 

Açıklama yok.

Tribunada qazanılan dostluqların möhkəmliyindən bəhs edən Aqil deyir:

“Anam rəhmətə gedəndə, yasda tribuna uşaqları qohumlarımdan çox idi. Bundan böyük dəyər yoxdur. Bundan yuxarı nə dostluq?! Qazanılmış yoldaşlıq bax, budur”.

Tribunada qazanılan dostluqlar artıq vaxt keçdikcə, yerini ailə anlayışına verir. Onların yoldaşlıq, azarkeşlik anlayışı budur...

Aqil bu kluba olan bağlılığını, sevgisini xəstəlik adlandırır:

 “ Övladlarımın da “Neftçi” azakeşi olmasına bir tərəfdən pis oluram. Çünki bu çox ağır yükdür. Hər gün nə qədər “Neftçi”ni düşünmək olar? Bir məfhuma bu qədər bağlı olmaq olar?!”. 

Açıklama yok.

 Aqilin bu böyük sevgisinin ən böyük şahidlərindən biri elə onun 17 illik həyat yoldaşıdır:

“Bir gün balaca oğlumla bəstə oxuyuram: “Əlvida sevgilim, ürəyimdə sənə yer yox, yalnız “Neftçi”yədir.”  

Yoldaşım da deyir ki, Aqil, başa düşmədim, ürəyində mənə yer yoxdur, yalnız “Neftçi”yədir?!” 

Açıklama yok.

Belə... Bəzən stadionda, bəzən də televizor qarşısında futbola baxırıq. Soyuq, şaxtalı havada stadiondakı azarkeşlər adamın daha çox diqqətini çəkir. Düşünürsən ki, bu adamlar bu havada necə, niyə oyuna gəlsinlər axı?! 

Bu vəziyyət gülməli də gələ bilir, hətta onları qınaya da bilirik. Amma... Onların arasına qarışıb, onları tanıyıb, danışdıranda, görürsən o sevgini. 

Sevimli komandalarından əlavə bir-birilərini də daim qoruyan, dəstəkləyən bu adamlar üçün azarkeşlik anlayışı budur.

Bir çoxlarına gülməli, mənasız gələn bu anlayış üçün gəncliklərini tribunalarda, səfər yollarında, toplanışlarda, bəzən polis bölmələrində fəda edən, həyatı doya-doya yaşamayan adamlar...

Bu fotoseriyanı Aqil Laçının yaxın dostu Ceyhun Bədəlzadənin dediyi bir cümlə ilə bitirirəm:

“Bu tribunada məndən qabaq kimlər var idisə, artıq hamısı dünyadan köçüb. Bir mən qalmışam. Tək...”

İradə Hatəmi
 

writer photo
İradə Hatəmi
0