
Gözümüzün işığı – Misli Premyer Liqası başladı. Kimi yaxşı, kimi pis, kimi qənaətbəxş başladı. "Neftçi"nin ilk turda evində "Şamaxı" ilə heç-heçəsindən (1:1) sonra pusquda gözləyən bəzi ağzıgöyçəklər də başladı. Danışmağa, yazmağa yox, zəhər qusmağa, ara qarışdırmağa, ab-hava korlamağa, kampaniya aparmağa başladı.
İllərdir ki, içi mən qarışıq stajlı "Neftçi" azarkeşləri, futbol ictimaiyyəti həmin adamları yaxşı tanıyırıq, dabbağda gönlərinə bələdik. Xeyli əski zamanda, Qurban Qurbanovun "Neftçi"nin baş məşqçisi olan vaxtı, hocanın başına oyun açıb, torbasını tikib, göndərtdirən, Avropa Liqasının qrup mərhələsinə qalaraq Azərbaycan futbolunda tarix yazan komandaya həmin vaxtlar belə utanmadan badalaq vuran, "Qarabağ" hegemoniyasının bərabərində illər sonra çempionluq yaşayan klub haqda həyasızcasına “təsadüf, danışılmış sonluq, proyekt” deyən qaragüruh yenə iş başındadır. Hədəfdə isə yenə eyni ad var: Samir Abasov.
Səbəb çox bəllidir, bəsitdir, təxminolunandır. Birmənalı olaraq bu adamlar "Neftçi"nin uğurunu istəmir. "Neftçi" uğurlu olanda üzləri qızarır, gözləri bərəlir, qulaqları böyüyür, burunları şişir, dodaqları uçuqlayır, qısacası çox çirkin görkəm alırlar. Bu çirkinlik sözlərində də, yazılarında da müşahidə olunur. Bu çirkinliyi "Neftçi"nin son çempionluğunda hamı gördü. “AFFA elədi”, “danışılmış idi”, “əşii, qaqa, ssenari yazılmışdı daaa” və s. "Neftçi"ni də son çempion edən kimdir? Samir Abasov. Deməli, hədəfin adı da bəllidir. Birdən-birə Samir oldu həmin qaragüruh üçün təhlükə, qutuda ilan. İndi də... Birdən bu arxasız Sumqayıt uşağı yenə gələr, "Neftçi"ni çempion edər, Allah göstərməsin, aqibətimiz necə olar, nə yeyərik, nə içərik...
Üzümü tuturam ağlı başında "Neftçi" azarkeşlərinə. Qaqalar, hamının səbir kasası dolub, aydındır. Amma suyu kasanı boşaltmaq istəyən adamın üstünə tökmək ədalətsizlik olar. Nəinki 1 oyunla, 5 oyunla, 25 oyunla futbolda sistem qurulmur. Klopp "Liverpul"a 2015-də gəldi, 10-cu yerdə təhvil aldı, ilk mövsümü 8-ci yerdə bitirdi. Sonra 2 il dalbadal işlədiyi tam sezonda 4-cü yer tutdu, sonra 2-ci yer. Düz 5 ildən sonra "Liverpul"u liqada çempion elədi, ÇL də qazandırdı, qutu kimi sistem də qoydu, getdi. İllərdir, dominant, hegemon "Liverpul" var. İndi kim gəlir, gəlsin, o sistemin çörəyi yeyilir, uzun müddət də yeyiləcək.
Təbii ki, dostlar, nə "Neftçi" "Liverpul"du, Nə Klopp Samir Abasovdu, nə də dalıyca Slot kimi adam gələcək. Sözümün canı, "Nefçi"yə günü, mövsümü xilas edəcək adam lazım deyil. "Neftçi"yə illər əvvəl olduğu kimi, hər il çempionluğa oynadan adam, sistem lazımdır. "Neftçi"dən göndərilən Qurban Qurbanov kimi. Bu gün-sabah ÇL-də inşallah "Qarabağ"ı əsas mərhələyə İKİNCİ DƏFƏ daşıyacaq sistem kimi. İndi həsrətlə "Neftçi" azarkeşləri baxır Qurbana, "Qarabağ"a, sistemə...
Səbirli olun, inanın, dəstək olun. Futbolçuların, məşqçilərin arxasında, yanında olun. Zirvəyə qalxmaq üçün ən dibi görmək lazım idi. Zirvəyə gedən yol da dibdən qalxanlar üçün asan olmur. Yorğun, bitkin olursan, maneələr çox olur, amma doğru yoldasansa, gec-tez çatırsan və bir də çətin düşürsən.
Ab-havanı hər fürsətdə pozmağa çalışan, "Neftçi"nin potensial uğurunu belə gözü götürməyən adamların çörəyinə yağ sürtməyin. Qoyun, yavan çörək yesinlər.
- Andriya Lukoviç: "Azərbaycanda "Qarabağ"la rəqabət aparacaq klub yoxdur" - Müsahibə
- "Qalatasaray"la derbi öncəsi "Fənərbaxça"da 4 itki
- Sezarın haqqı Sezara və ya uduzan çıxır...
- Fan-klub liderindən etiraf: Rəhbərlik Samir Abasova qarşı bizi doldurmuşdu
- Futbolumuzun qanqren barmaqları - Gəldim sizi xəbərdar eləyim