“Azərbaycanda oynamağım milliyə çağırılmağıma mane olmayacaq”
26.01.2015 - 17:37
“Azərbaycanda oynamağım milliyə çağırılmağıma mane olmayacaq”

“Hesab edirəm ki, komandamızın bütün qapıçıları yaxşıdı. Bu da rəqabətin güclü olacağından xəbər verir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ”nin yeni transferi Dmitri Bezotosnı deyib.

 

“Qəbələ”nin əsas qapıçısı olacağı gözlənilən ukraynalı oyunçu bunun heç də asan olmayacağını düşünür: “Bir nömrə olmaq üçün əlimdən gələni edəcəm. Kim ən yaxşı formada olsa, o da qapını qoruyacaq. İlk növbədə məşqlərdə var qüvvəmlə çalışmalıyam. Son qərarı isə baş məşqçi verəcək. Mənim üçün əsas komandamızın uğur qazanmasıdı”.

 

31 yaşlı qolkiper yenidən Ukrayna millisinə dəvət alacağına da inanır: “Vaxtilə Ukrayna yığmasında oynamışam və yenidən çağırılacağıma da ümidimi itirmirəm. Azərbaycanda oynamağımın da buna mane olacağına inanmıram. Düşünürəm ki, komandamız avrokuboklarda iştirak etsə, yığmanın məşqçilər korpusunun da diqqət mərkəzində olaram. İstənilən halda, bu məsələ baş məşqçidən asılıdı. Bizim işimiz öz üzərimizdə çalışmaqdı. Sonrasına yığma məşqçiləri qərar verəcəklər. Hər halda, onlar namizədləri hər zaman diqqətdə saxlayırlar”.

0