[b]Qonşular üz-üzə, liderlər üçün asan sınaq[/b]
03.03.2015 - 10:01
[b]Qonşular üz-üzə, liderlər üçün asan sınaq[/b]

Sabah Azərbaycan kubokunda mübarizə davam etdiriləcək. Apasport.az saytının məlumatına görə, 3 ay əvvəl 1/8 finalı adlayan komandalar 1/4 finalın ilk matçlarına çıxacaq.

 

Əvvəlki mərhələlərdən fərqli, bu dəfə iki oyundan ibarət duellərdin birinci pərdəsinin 4 qarşılaşmasından üçü Bakıda keçiriləcək. Bu matçların hamısı eyni vaxtda başlayacaq.

 

1/4 final mərhələsinə Topaz Premyer Liqasının turnir cədvəlində ilk 3 pillədə qərarlaşan komandaların ev oyunları ilə start veriləcək. “Neftçi”, “İnter” və “Qarabağ” çempionatdakı işləri o qədər də yaxşı getməyən rəqiblərini sınağa çəkəcək.

 

Paytaxt derbisində AZAL-ı sınağa çəkəcək “Neftçi” son 33 gündə 3-cü dəfə “təyyarəçilər”lə görüşəcək. Bu matç komandaların kubok çərçivəsindəki ilk dueli olacaq.

 

“İnter” isə kubokda yolları 5 dəfə kəsişən “Xəzər Lənkəran”la görüşəcək. Bakılılar favoriti olduğu cütün taleyini ilk matçda həll etməyə çalışacaq. Oyundan oyuna daha yaxşı təsir bağışlayan cənublular isə sensasiya müəllifi olmaq iddiasındadı.

 

Çempionatın fərqli qütblərində qərarlaşan “Qarabağ”la “Bakı”nın oyununun da favoriti meydan sahibləridi. “Qızıl dubl” arzusunda olan Ağdam təmsilçisi yaxşı günlərini yaşamayan paytaxtın eyniadlı təmsilçisi ilə görüşlərdə çətinliklə üzləşməməlidi.

 

İlk oyunlar 1/4 finalın ən maraqlı qarşılaşması ilə yekunlaşacaq. İki əyalət təmsilçisi “Qəbələ” və “Simurq” yarımfinal yolunda münasibətlərinə aydınlıq gətirəcək. Premyer Liqada da 4-cü yer uğrunda mübarizə aparan turnir cədvəlinin qonşuları yarımfinala yüksəlmək üçün var qüvvəsini ortaya qoyacaq.

 

Azərbaycan kuboku

1/4 final, ilk oyunlar

4 mart (çərşənbə)

17:00. “Neftçi” – AZAL
“Bakcell Arena” 

17:00. “İnter” – “Xəzər Lənkəran”
“İnter Arena”

17:00. “Qarabağ” – “Bakı”
Tofiq Bəhramov adına Respublika stadionu

19:00. “Qəbələ” – “Simurq”
Qəbələ şəhər stadionu

 

0