[b]Azərbaycan çempionu: Bizi sevmirlər [/b]- MÜSAHİBƏ
10.04.2015 - 15:38
[b]Azərbaycan çempionu: Bizi sevmirlər [/b]- MÜSAHİBƏ

“Rabitə”nin voleybolçusu Katarjina Skovronska Polşa mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, “Lokomotiv”lə final öncəsi fikirlərini açıqlayan idmançı gələcək karyerası barədə danışıb.

 

- Bu gün Azərbaycan Super Liqasının final mərhələsi çərçivəsində “Lokomotiv”lə ilk oyununuzu keçirəcəksiz. Onlarla əsas mərhələdəki görüşləriniz haqda nə deyə bilərsiz?

- Bu rəqibə 4 matçdan yalnız 1-də uduzmuşuq. Ümid edirəm ki, 2 görüşdə qalib gəlməklə, qızıl medallara sahib olacağıq. İstəyirik ki, aprelin 12-də baş tutacaq ikinci görüşdə çempionluğun taleyinə aydınlıq gətirək. Finalın üçüncü oyuna kimi uzanmasını istəmirik. Həlledici oyun özümüz üçün də maraqlıdı. Çünki biz bu mərhələdə “Azəryol”la qarşılaşacağımızı gözləyir, buna hazırlaşırdıq. “Azəryol” böyük azarkeş ordusuna malik komanda olsa da, “Lokomotiv” onlara qalib gələ bildi. Ardıcıl 7 dəfə Azərbaycan çempionu olduğumuzdan bütün komandalar bizə qarşı var qüvvəsi ilə oynayır, bizi büdrətməyə çalışır. Sanki, bizi sevmirlər.

 

- Ardıcıl 7-ci mövsüm finalda oynayacaqsız. 5 dəfə müxtəlif klubların heyətində çempion olmusuz. Ümumilikdə 6-cı, “Rabitə” ilə 2-ci zəfər öncəsi təəssüratlarınız necədi?

- Azərbaycanda keçirdiyim bu mövsümü də qızıl medallarla başa vurmaq istəyirəm. Çempionatın böyük hissəsini liderlik etmişik. Mən də komandanın aparıcı üzvlərindən olmuşam və uğuru kənardan izləyənlərdən deyiləm.

 

- Ən böyük arzunuz Çempionlar Liqasını qazanmaq olsa da, bu dəfəki final da siz olmadan keçirildi.

- “Dördlər finalı”na qatıla bilməməyimizdən xeyli vaxt ötür. Həmin vaxt mən çox böyük üzüntü keçirdim. Hətta CEV kubokundakı məğlubiyyət də mənə ağır təsir etmişdi. Çünki təsəlli üçün bu kubok vacib idi.

 

- Bu yarışlarda uğur qazanmağınıza nə mane oldu?

- Bunun bir çox səbəbləri vardı. Mövsümün startında başladığımız baş məşqçi və onun bəzi transferləri özünü doğrultmadı. Hər şey olduğunun əksinə idi. Çempionlar Liqasında da isə “Agel”ə uduzmağımız işləri korladı. Əslində bu baş verməməli idi. “Ximik”lə Bakıdakı oyunumuzda da çox zəif çıxış etdik. Oyunlarımız ağır alınırdı və biz də buna nəzarət edə bilmirdik. Bir sözlə, baş verənlərin heç biri yaşanmamalı idi.

 

- Fevralda Zoran Qayiç Dejan Brdjoviçi əvəzlədi. Bu komandada nəyi dəyişdi?

- Biz onunla 2 aydan az müddətdi ki, birgə çalışırıq. Qayiçə böyük hörmətlə yanaşıram. O, çox sakit insandı. Voleybolun əsl mütəxəssisidi. Serbiyalı mütəxəssis komandada bizə güvənərək, ab-havanı qaydasına saldı. O, qarşılaşmalar öncəsi bizi oyuna çox yaxşı kökləyir. İndi öz mövqeyimə qayıtmışam və bu, mənə çox rahatdı.

 

- Heç bir klubda 2 ildən artıq oynamamısız...

- ... Bu, düzdü.

 

- Yəqin ki, nə soruşmaq istədiyimizi artıq başa düşdüz?

- Bəli, biilirəm ki, Bakı klubuna keçdiyimdən 2 il ötür. İndi mən gedəcəyimi demək istəmirəm. Çünki biz hələ mövsümü başa vurmamışıq. Bunu etsəm, azarkeşlərin qəlbini qırmış olaram.

 

- İyunda Bakıda I Avropa Oyunları olacaq. Polşa millisinin heyətində Azərbaycana yollanacaqsızmı?

- 2 ay öncə Polşa Voleybol Federasiyasının rəhbərliyi ilə danışıqlar aparmışam. Həmin vaxt yığmaya kimin başçılıq edəcəyi dəqiqləşməmişdi. Mən də kömək edəcəyimi söz verdim. Lakin indidən dəqiq nəsə deyə bilmərəm. Çünki yeni baş məşqçinin məni komandaya çağırıb-çağırmayacağı haqda məlumatlı deyiləm. İndi yalnız “Lokomotiv”lə oyunu düşünüb, hadisələrin axarını gözləyirəm.  

0