[b]Kamal Quliyev: “Neftçala” alman klublarına bənzəyir [/b]– MÜSAHİBƏ
01.05.2015 - 10:28
[b]Kamal Quliyev: “Neftçala” alman klublarına bənzəyir [/b]– MÜSAHİBƏ

Futbol üzrə Azərbaycan çempionatının I divizionunda mübarizə aparan “Neftçala” klubunun baş məşqçisi Kamal Quliyevin apasport.az saytına müsahibəsi

 

- Sona 4 tur qalmış Premyer Liqaya vəsiqəni təmin etdiniz. Adətən I diviziondan elitaya yüksələn komandaların aqibəti yaxşı olmur. “Araz Naxçıvan” buna son nümunədi. “Neftçala” da eyni halla üzləşə bilərmi?

- “Neftçala”nı həmin komandalarla müqayisə etmək olmaz. Çünki bizim klubda hər bir iş proqramlı, planlı şəkildə qurulur. Buna görə də, digərlərindən fərqliyik. Komandadakı gənc, potensiallı futbolçuların çıxışı inam yaradır. Əsas məsələ isə rəhbərliyin komanda üçün yaratdığı şəraitdi. İnşallah, büdcəmiz açıqlanar. Gənc futbolçularla ustalıq səviyyəli yüksək olan oyunçuların vəhdətindən ibarət komanda yaratmaq istəyirik.

 

- I divizionda yer tutan əksər komandalar müxtəlif səbəblərdən Premyer Liqaya buraxılmayıblar. “Neftçala”nın yüksək dəstədə iştirak edəcəyinə əminsizmi?

- Yüz faiz əminəm. İnşallah, biz çıxışımızı Premyer Liqada davam etdirəcəyik. Rəhbərlik də söz verib.

 

- “Neftçala” yüksək dəstəyə “qapazaltı” olmağa çıxır, yoxsa komandanın hədəfi olacaq?

- “Qapazaltı” olub, yenidən I diviziona qayıtmaq istəmirik. Premyer Liqa təcrübəsi qazanmaq, daha sonra Azərbaycan futboluna yeni oyun gətirmək niyyətindəyik. İlk mövsümdə turnir cədvəlinin ortalarında qərarlaşmağa çalışacağıq.

 

- Yeni oyun üslubu deyəndə, konkret nəyi nəzərdə tutursuz?

- Sürətli əks-hücumlar qurmaq, daim pressinq tətbiq etmək, rəqibi təzyiq altında saxlayıb, aqressiv futbola üstünlük vermək.

 

- Premyer Liqada da komandanın “sükanı arxası”nda siz olacaqsız, yoxsa baş məşqçi postunda dəyişiklik ola bilər?

- Danışıqlar gedir. Rəhbərliyə təşəkkür edirəm ki, mövsümün əvvəlində layiq bilib, komandanı mənə həvalə etdilər. Bu komandanı biz qurduq, yeni nəfəs verdik. Qalıb-qalmamağımın fərqi yoxdu. Qalaramsa, işimi canla-başla davam etdirərəm.

 

- Komandanı qurub, yüksək dəstəyə siz çıxarmısız. Bütün bunlardan sonra yerinizə başqasının gətirilməsi sizə pis təsir etməzmi?

- Əlbəttə ki, təsiri olar. Amma biz peşəkar futbol həyatı sürürük, oynadığımız dövrdən buna öyrəşmişik. Nə etmək olar, həyat davam edir.

 

- Kənardan da görünürdü ki, “Neftçala” üçün I Divizionda oynamaq çox asan idi. Siz də açıqlamanızda demişdiz ki, “Neftçala” bu planetin komandası deyil...

- O açıqlamamı çoxları başqa cür başa düşür. Mən futbolçularıma əlavə motivasiya, ruh yüksəkliyi verməkdən ötrü elə demişdim. Hər dəfə onlara tapşırırdım ki, siz oyununuzla, davranışınızla özünüzü elə aparmalısız ki, qoy elə bilsinlər ki, bu dünyanın, bu planetin adamı deyilsiz. İşinizə o qədər peşəkar yanaşmalısız. Mən bu nöqteyi-nəzərdən elə demişəm.

 

- Başqa planetdə yaşayış yoxdu axı...

- (Gülür). Yox, onu nəzərdə tutmuram. Ümumiyyətlə, başqa planetdən gəlib, buranı çəkib gedirlər.

 

- Heyətdə nə kimi dəyişikliklər gözlənilir?

- Dəyişiklik olacaq. Heyətdən əvvəl, məşqçilər korpusunda da dəyişikliklər etməyi düşünürük. Əgər Premyer Liqaya vəsiqə qazanmışıqsa, hər bir şeyə əl gəzdirməliyik. Çünki I diviziondan fərqli, orda səhv bağışlanmır. İşini sevən, işinin üstündə duranları komandaya cəlb edəcəyik. Davamlı şəkildə artıran, peşəkar futbolçularla çalışacağıq. Bura yeni gələcək oyunçular indikilərdən iki baş üstün olmalıdılar. İstəyimiz odu ki, biz öz oyunumuzla digər komandalardan seçilək. Burda olan gənc oyunçuları Azərbaycan futboluna qazandırmaq istəyirik.

 

- “Neftçala”da legioner görəcəyikmi?

- 4 legioner gətirmək fikrimiz var. Bundan əlavə, gənc, amma oyun praktikası olan yerlilərlə güclənəcəyik. Hazırkı heyətdən kimlərin qalacağına isə hələ qərar verməmişəm.

 

- “Neftçala”nın hazırkı gənclərinin sırasında milliyə layiq futbolçu varmı?

- Bəli, var. Sadəcə, ad çəkib, ayrı-seçkilik etmək istəmirəm. Hamısına eyni gözlə baxıram.

 

- Əcnəbi klubların düşərgəsinə gedib, onların təcrübəsizdən yararlanmaq istərdinizmi?

- Əlbəttə. Rəhbərliklə o barədə danışığım olmayıb. Almaniyaya 1-2 həftəlik yollanıb, bir neçə klubun düşərgəsində olmağı çox istərdim. Bizim komandanın oyun sistemi Almaniya klublarına bənzəyir.

 

Tengiz MƏMMƏDOV

 

 

0