Düz 21 il öncə məhz yanvar ayında Azərbaycan çempionu tarix yazmağı bacardı. Bakının “Neftçi” komandası futbol tariximizdə ilk dəfə Birlik Kubokunun yarımfinal mərhələsinə yüksəldi. Özü də Ermənistanın “Pünik” komandasını məğlub edərək...
Həmin gün təqvim vərəqləri yanvar ayının 19-nu göstərirdi. İllər boyu yaşanılan zəfərin sevincini xatırlayıb, bir gün sonra 20 yanvar şəhidlərinin xatirəsini yad edirdik. Elə ötən günlərdə də Azərbaycan futbolu ilə bağlı səhifələrin hər birində həmin qələbənin icmalını görürdük.
Nə təsadüfdür ki, növbəti tarix də yanvar ayında yazıldı. Xalqımızın qan yaddaşı olan “20 yanvar”ın dünəni kimi sabahı da zəfərimizlə əlamətdar oldu. Bu dəfə cari Azərbaycan çempionu “Qarabağ” izahı olmayan bir qələbə qazandı. O qələbə ki, Çempionlar Liqası tarixində ilk dəfə ölkə təmsilçimizi pley-offa daşıyacaq.
Tarix yalnız pley-offa vəsiqə qazanmağa yaxın olmaq deyil, həm də “Qarabağ” Azərbaycan klubları adına ilk dəfə Almaniya təmsilçisini məğlub etməyi bacardı. “Ayntraxt”a Qurban Qurbanovun yetirmələri qarşısında nə 126 illik tarixi, nə 400 milyon avroluq heyəti, nə də yolüstü İsveçrədən tutub gətirdiyi "hakim"i Sandro Şarer kömək ola bildi.
Təmsilçimizin qapısına təyin olunan penaltinin həqiqət faizi “Ayntraxt”ın yanında yazılan 4-dən azdır. Görəsən, həmin epizod “Qarabağ”da olsa, eyni qərar veriləcəkdi? Yoxsa, cənab Şarer öz qonşularının qələbəsi naminə ona da imkan verməyəcəkdi?
Hələ ağdamlıların qolundan sonra “ədalət təmsilçisi”nin komandanın texniki zonasına qaçması, Qurbanovun köməkçisinə təkidlə sarı vərəqə göstərməsi hadisələrin pik həddi idi. Sanki adam o boyda yolu sırf “Qarabağ”ı uduzdurmaq üçün qət edib.
Təsadüfi deyil ki, Prezident Cənab İlham Əliyev də dünənki təbrik paylaşımında bu məsələyə xüsusi toxundu. İllərdir xalqımızı məyus edən, klublarımıza, idmançılarımıza qarşı davam edən bu hakim qərəzinə, düşmənçiliyinə ölkə başçısı da diqqət çəkdi və UEFA-nın bu məsələyə artıq aydınlıq gətirəcəyinə ümid etdiyini vurğuladı.
Bütün bunlara baxmayaraq “Qarabağ” “sınmadı”. Komandamız 12 il öncə “İnter”lə görüşdə olduğu kimi son saniyəyə qədər döyüşdü. Orda sayılmayan təmiz qolumuz, burda sayıldı. Bəhlul Mustafazadə bütün Azərbaycan xalqının hakimə olan nifrətini ayağında toplayıb var gücü ilə topa vurdu. Elə vurdu ki, Şarer qolu saymamaq üçün heç bir bəhanə tapa bilmədi.
“Braqa”nın ardınca “Ayntraxt” da Bakıda 12 nəfərlə oynayıb evə əliboş qayıtdı. “Qarabağ” azarkeşlərinin dediyi kimi, “bizim sədaqətimiz sizin büdcənizdən böyükdür”!