Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin apasport.az saytına müsahibəsi
- “Neftçi”də baş məşqçi Arif Əsədovun istefaya göndərilməsi xəbərini necə qarşıladız?
- Təbii haldı. Özü oyundan sonra deyib ki, hələ mənim 1 il də vaxtım var. Müşahidə Şurası yığılıb və qərar verib ki, bu adam getməlidi. Bizim futbolda iki ali “naqrada” var: çempionluq və kubok. Sən bunların heç birini götürə bilmirsənsə, deməli, getməlisən.
- “Neftçi”də son 3 ayın maaşlarının verilmədiyi bildirilir. Mövsümü titulsuz bitirməyə bunun da təsiri ola bilərmi?
- Bütün klublarda problem var. Mənim vaxtımda da “Neftçi”də belə problemlər olurdu.
- Oyun mənasında necə, indiki “Neftçi” ilə sizin vaxtınızdakı komanda arasında çoxmu fərq var?
- Adət-elədiyimiz oyundan əsər-əlamət qalmamışdı.
- “Neftçi”nin yeni baş məşqçisinin kim olacağı hələ bilinmir. Əgər sizə belə bir təklif olsa, qayıtmağa razılaşarsız?
- Yeni baş məşqçinin kimliyinə rəhbərlik qərar verəcək. Əgər mənə belə bir təklif olsa, fikirləşərəm.
- Ancaq nəzərə alın ki, sizin vaxtınızda klubun rəhbəri Sadıq Sadıqov idi. İndi isə “Neftçi”yə Çingiz Abdullayev rəhbərlik edir. Necə düşünürsüz, Abdullayevlə dil tapa bilərsizmi, sözünüz üst-üstə düşər?
- Vallah, bilmirəm. Çingiz Abdullayev Müşahidə Şurasının sədridi. Mən ora baş məşqçi kimi dəvət alsam, siftə bunların mənə qarşı olan fikirlərindən xəbər tutaram və strategiyaları ilə tanış olaram. Ondan sonra isə qərarımı verərəm.
- Komandanın yeni baş məşqçisinin xarici mütəxəssis olacağı haqda da söz-söhbət gəzir. “Neftçi”yə əcnəbi çalışdırıcı lazımdımı?
- Mənə deyin görüm, Böyükağa Hacıyev milliyətcə kimdi? Azərbaycanlıdı. Və ya Qurban Qurbanov milliyətcə kimdi? O da azərbaycanlı. Bəs hardadı xarici məşqçilər? Bir Kaxa idi, o da getdi. Getməli idi, çünki artıq doymuşdu.
- “Neftçi” ölkəmizi Avropa Liqasında təmsil etmək hüququna yiyələnib. Əgər komandanı sizə həvalə etsələr, qısa zamanda nəyəsə nail olmaq mümkündümü?
- “Neftçi” hazır komandadı. Sadəcə, düzgün iş qurmaq lazımdı.
- Demək istəyirsiz ki, “Neftçi”də heyətin gücləndirilməsinə ehtiyac yoxdu?
- Lazım olsa, ehtiyac yoxdu, xeyr. Orta hər xəttin öz başbiləni var. Onlarla dil tapmaq lazımdı.
- Siz bu heyətlə kuboku və ya çempionluğu qazana bilərdizmi?
- Heç vaxt arxı tullanmamış “hop” demərəm. Ancaq unutmayın ki, mən bu heyətlə Avropa Liqasının qrup mərhələsinə düşmüşəm.
- “Neftçi”nin bu dəqiqə əsas problemi nədi: baş məşqçi, futbolçular, yoxsa klub rəhbərliyi?
- Qardaş, “Neftçi” bu gün başdan-ayağa problemdi. Təxminən 1 il bundan əvvəl mən komandanı təhvil vermişəm. Problemin nə vaxt yarandığını bilmirəm.
- “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov həm çempionluq, həm də kuboku qazanmaqla, sizin nailiyyətinizi təkrarladı...
- Bu gün Qurbanla fəxr etmək lazımdı. “Qızıl dubl” hamıya müəssər olmur. Bir şeyi də unutmayın ki, Azərbaycan futbolunun səviyyəsi çox aşağı düşüb. 3 il bundan əvvəl çempionluq uğrunda 6-7 komanda vuruşurdusa, indi vahid komanda var, o da “Qarabağ”dı.
Tengiz MƏMMƏDOV