[b]..."Qarabağ" müəyyən səviyyədən yuxarı qalxa bilməyəcək[/b]
02.09.2015 - 13:00
[b]..."Qarabağ" müəyyən səviyyədən yuxarı qalxa bilməyəcək[/b]

“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl klubun rəsmi saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, vitse-prezident komandanın Avrokubokdakı çıxışını və yeni transferləri dəyərləndirib.

 

- “Yanq Boys”la oyunda komandanız 3:0 hesablı qələbə qazandı. Matçı canlı izlədiniz...
- Doğrudan da, möhtəşəm qələbə idi. Futbol camiəsində olanlar, bir çox məşhur məqşçilər, futbolu bilənlər bizə ismarıc göndərdi ki, müasir Azərbaycan futbolu tarixində oynanılan ən gözəl futbol idi. Möhtəşəm və qürur dolu gecə idi. Bütün Azərbaycan futboldan həzz ala-ala bir matç izlədi. Hər şey olduqca gözəl idi.
 

- Hər nə qədər möhtəşəm qarşılaşma olsa da, tribunalarda boşluqlar gözə çarpırdı...
- Dünyada futbol iki prinsip üzərində qurulub. Futbol sevgisi, emosiyanı, eşqini bildirən fanatlıq, digər tərəfi isə puldu. Pul bir klubun qanı kimidi. Və təbii ki, tərəfdarlar oyuna gəlib pul verməsə, tribunaları doldurmasa, biz müəyyən səviyyədən yuxarı qalxa bilməyəcəyik. Bir sponsorun dəstəyi ilə müəyyən səviyyəyə qədər yüksələ biləcəyik. Dünya futbolunda sponsor gəliri digər gəlirlərdən – teleyayımdan, marketinqdən, tərəfdarlardan gələn gəlirin bir hissəsidi. Ölkəmizdə isə sponsor, demək olar ki, klubun tək gəlir qaynağıdı. Bu, əlbəttə “Qarabağ”ımızın böyüməsini məhdudlaşdırır. Klubun böyüməyini istəyiriksə, gərək hər kəs bu işə qoşulsun. Fanat olmaq, tərəfdar olmaq sadəcə istəməklə olmur, hərəkətə keçmək lazımdı. Güman edirəm ki, biletlə bağlı yürütdüyümüz siyasət düzgündü. İnanıram ki, komandanın möhtəşəm oyununu görüb stadiona can atacaqlar və o boşluqlar dolacaq.
 

- “Qarabağ” müntəzəm olaraq avrokuboklarda çıxış edir. Fərqli ölkələrdəki qarşılaşmalar Qarabağ reallığının təbliğatı naminə ölkəmizə siyasi, mənəvi dəstəkdi, təbliğatdı. Bu öz yerində. Bəs avrokuboklarda iştirak, fərqli klublarla tanışlıq futbol münasibətləri xaricində nə kimi fayda gətirir?
- Qarşılaşdığımız klubların tarixindən, təcrübəsindən çox şey öyrənirik. Aramızdakı ünsiyyət zamanı fərqli mövzuları müzakirə edirik. Avropada klub rəhbərləri nüfuzlu şəxlərdi. Onlarla söhbətlərimizdə Qarabağla bağlı həqiqətlər, məcburi köçkünlərlə bağlı lazımi dərəcədə informasiya veririk. Bundan əlavə, biz onlarla hansısa layihələr qurmağı planlaşdırırıq. Məsələn, “Yanq Boys”un sahibi cənab Reys eşitmə problemi olan insanlar üçün cihaz istehsalı ilə dünyada məşhurlaşıb. Sərvətini bununla qazanıb. Mənimlə söhbətdə bunu vurğulayarkən Azərbaycanda eşitmə əngəlli çoxlu uşağımızın olduğunu bildirdim. Ona dedim ki, əgər xeyirxahlıq etmək istəyirsinizsə və əminəm ki, xeyriyyə tədbirlərində mütləq iştirak edirsiniz. “Azersun Holding”lə birlikdə işləsək, bu layihə çərçivəsində bir çox ehtiyacı olanları pulsuz bu cihazla təmin edə bilərikmi?” deyə soruşdum. O da məmnuniyyətlə bu layihəyə qoşulmaq istədiyini, Azərbaycanda bu məsələdə peşəkar təchizatın olmadığını, ancaq belə tələbat olarsa birgə işləməkdə maraqlı olduğunu, məmnuniyyətlə yardım edə biləcəyini bildirdi. Bu tipli görüşlər siyasi, ictimai, dostluq münasibətləri baxımından çox önəmlidi. Sizə sadəcə, bir nümunə dedim.
 

- Transferlərlə bağlı nə deyə bilərsiz?
- Biz həmişə demişik. Qurban müəllimdən tələb gəldiyi zaman maddi imkanlarımız daxilində maksimum şəkildə ən yaxşısını etməyə çalışacağıq. Çox sağ olsun prezidentimiz cənab İlham Əliyev ötən il “Qarabağ”ın çıxışını yüksək qiymətləndirərək büdcədən kluba 1 milyon pul ayırdı. Bunlar hamısı “Qarabağ”da qalır. Bizim üçün müqəddəs əmanətlərdi. Heç kim ona toxunmur. Onlar bizim büdcəmizdə qalıb. Bu gün mərkəzi arenanın ot örtüyünün təmirindən tutmuş, yeni futbolçu transferinə qədər bu bizə dəstək verir. Hocamızın bir neçə futbolçu istəyi oldu. O futbolçuların “Qarabağ”a böyük köməyi olacağını düşünürəm. Mənim fikrim odu ki, gələn futbolçu mütləq “Qarabağ”ın səviyyəsini qaldırmalıdı. Eyni səviyyədə olsa əhəmiyyəti yoxdu. İmkanlarımız məhduddu. Xərclədiyimiz hər bir pulun faydası olmalıdı. Gələn hər bir futbolçu Azərbaycan futboluna, “Qarabağ”a xeyir verməlidi. Qurban müəllim çox yaxşı futbolçular seçib. Biz də rəhbərlik olaraq hər zamankı kimi, baş məşqçimizin arxasındayıq, ona inanırıq.
 

- Qarşıda Avropa Liqasının qrupunda çətin oyunlar olacaq. Nə gözləyirsiz?
- 1-2 transferlə məqsədimiz odu ki, bu komandalara çox çətin rəqib olmaqdı. “Monako”nun rəsmisi də bunu vurğulayıb ki, “Qarabağ” zəif rəqib deyil. Onlara qarşı çətin olacaq. Bir daha onu demək istəyirəm ki, rəhbərlik olaraq klubumuzun, Qurban Qurbanovun arxasında möhkəm dayanmışıq. Biz əlimizdən gələn gücü, maksimum dəstəyi verməyə çalışırıq. Mən həmişə demişəm ki, həyatda əlindən gələnin maksimumunu etməyə çalış, qalanını da bəxtin, həyatın, Allahın təqdirinə burax. İnşallah, Azərbaycan güclü, imanlı və inamlı komanda görəcək. Nəticənin necə olmasından asılı olmayaraq, bütün ölkə “Qarabağ”la qürur duyacaq.

0