[b]"Əsas problem zədəli və cəzalı futbolçularımızın çox olmasındadı" - MÜSAHİBƏ[/b]
01.11.2015 - 22:05
[b]"Əsas problem zədəli və cəzalı futbolçularımızın çox olmasındadı" -  MÜSAHİBƏ[/b]

Topaz Premyer Liqasının XI turunda “Zirə”ni qəbul edən “İnter” yenə rəqibinin müqavimətini qıra bilməyib. Oyundan sonra “bankirlər”in kapitanı apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

 

- Debütantı bu dəfə də məğlub edə bilmədiniz. Qələbə qazanmaq üçün nə çatmadı?

- Oyuna görə nəticənin ədalətli olduğunu deyə bilərəm. Çünki oyunun əksər hissəsi meydanın mərkəzində getdi. Hansısa kəsərli hücumlar izləmədik. Bu baxımdan, qolsuz heç-heçəni normal qəbul edirəm.

 

- Oyun niyə meydanın mərkəzində getdi? Rəqibə qarşı yaxşı hazırlaşmamışdınız, yoxsa baş məşqçinin tapşırıqlarını icra edə bilmədiniz?

- Biz əlimizdən gələni etdik. Hücuma tez çıxmaq istəyirdik, amma “Zirə” yaxşı müdafiə olunurdu. Yəni əvvəlki oyunlarla müqayisədə çox hücum edə bilmədik.

 

- Bu komandanı birinci dövrədə də məğlub edə bilmədiniz. Halbuki heyətinizdə təcrübəli futbolçular kifayət qədərdi.

- Biz qələbə qazanmağı hamıdan çox istəyirik. Elə meydana çıxmağımız, istidə-soyuqda 90 dəqiqə mübarizə aparmağımızın kökündə də bu dayanır. Ancaq hər matçda buna nail olmaq olmur. Bu gün də həmçinin. Rəqibimiz də zəif çıxış etmədi.

 

 “İnter” qələbə seriyası yaxalaya bilmir. Gah udur, gah uduzur, gah da heç-heçələr edir. Səbəbini nə ilə izah edə bilərsiniz?

- Rəqiblərimiz də meydana qələbə qazanmaq üçün çıxır. Belə olan halda gərgin mübarizə gedir. Əsas problem zədəli və cəzalı futbolçularımızın çox olmasındadı. Bu gün 6-7 futbolçumuz analoji səbəbdən bizə kömək edə bilmirdi. Bu da bizim üçün ciddi itkidi.

 

- Xüsusilə də hücum xəttinin “dişsiz”liyi aydın sezilir. Komandanın az qol vurması da bunu sübut edir...

- Hücum xəttimizdə yaxşı futbolçular yer alıb. Bu yaxınlarda daha bir hücumçu transfer edildi. Futbolçuların bir-birinə uyğuunlaşması vaxt aparır. Tədricən bu da qaydasına düşəcək.

 

- Bu duel turnir cədvəli baxımından da əhəmiyyətli idi. “Zirə”nin sizi üstələyə bilməməsinə görə heç-heçəni ədalətli hesab edirsiniz?

- Əslində, qələbə qazanmaq istəyirdik. Fikirləşirdik ki, uda bilməsək də, uduzmayaq. Çünki uduzsaydıq, onlar bizi üstələyəcəkdilər. Heç-heçənin mövqeyimizi qorumaq baxımından da xeyri dəydi. Yenə deyirəm, heyətimizin 30 faizi zədəlidi. Bu da kifayət qədər böyük göstəricidi.

 

- Oyunların sıx qrafikdə keçirilməsi necə təsir edir?

- Çətin mərhələni artıq arxada qoyduq. Gələn həftədən oyunlar adi qrafiklə keçiriləcək. Yenə həftədə bir oyuna çıxacağıq. Dincəlmək üçün vaxtımız olacaq. Ardınca isə millinin oyunu gəlir. 

0