“Xəzər Lənkəran” “Qarabağ”ı doğma arenasında qəbul edəcək. Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğludan apasport.az saytına verilən məlumata görə, stadion artıq matça hazır vəziyyətə gətirilir.
Lənkəranda bir həftədən çox yağan intensiv yağış Lənkəran çayının daşmasına və mərkəzi stadionun su altında qalmasına səbəb olmuşdu. Bu səbəbdən baş məşqçi Yunis Hüseynovun komandasının Topaz Premyer Liqasının XII turunda “Qarabağ”la başqa arenada qarşılaşmaq ehtimalı müzakirə mövzusu idi.
Cəbrayıloğlunun sözlərinə görə, artıq yağış dayanıb və görüşün keçirilmə yeri ilə bağlı bir problem qalmayıb. O bildirib ki, hazırda tamamlanma işləri gedir: “Su stadionun içindən tamam çəkilib. Düzdü, ot örtüyünə müəyyən ziyan dəyib. Ancaq bu, oyun keçirməyə mane olacaq səviyyədə deyil. Qarşılaşma gününə qədər hər şey daha yaxşı durumda olacaq”.
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Qarabağ” oyunu noyabrın 8-də keçiriləcək.
Rəvan ƏKBƏR