“Xəzər Lənkəran” aparıcı futbolçularından olan Manuel Skarlatakeni uzun müddətə itirib. Bu barədə məlumatı apasport.az saytına klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu verib.
Topaz Premyer Liqasının XI turu çərçivəsində “Rəvan”la səfər qarşılaşmasında 1 qolla qələbə qazanan “ağ-yaşıllar” buna doyunca sevinə bilməyib. Çünki görüşün 19-cu dəqiqəsində zədələnərək əvəzlənən Skarlatakenin durumunun ciddi olduğu üzə çıxıb.
Tibbi müayinədən sonra məlum olub ki, rumıniyalı mərkəz müdafiəçisinin arxa diz bağları qopub. Həkimlər 29 yaşlı oyunçunun təxminən 2 ay yaşıl meydanlardan uzaq qalacağını bildirib. Cəbrayıloğlu təcrübəli oyunçunun tezliklə əməliyyat olunacağını və ən yaxşı halda qış təlim-məşq toplanışında kollektivə qoşulacağını deyib. Bu isə o deməkdi ki, Skarlatake Topaz Premyer Liqasında ikinci dövrənin qalan 7 turunda, həmçinin Azərbaycan Kubokunun 1/8 final matçında komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, hazırda “Xəzər Lənkəran”da cəmi 2 əcnəbi futbolçu var ki, onlardan digəri malili yarımmüdafiəçi Sadio Tounkaradı.