“Bir neçə mövsüm əvvəl formalarda, ümumiyyətlə ad yazılmırdı. Biz bu qərarı sonradan verdik ki, bütün komandaların formasında oyunçuların adları yazılsın. Artıq 2-3 mövsümdü bütün komandaların formalarında futbolçuların adları qeyd edilir”. Bu sözləri apasport.az saytına Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev deyib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutu Topaz Premyer Liqasında çıxış edən klubların formalarında futbolçuların ad və soyadlarının Azərbaycan dilində latın qrafikasına uyğun yazılması ilə bağlı AFFA-ya müraciət etməyə hazırlaşır. AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli yerli çempionatda çıxış edən klubların formalarında futbolçuların ad və soyadlarının əcnəbi dildə yazılmasının doğru olmadığını bildirib. Xəbərdə “Neftçi”nin formasında “Qurbanov” soyadının “Gurbanov”, “Xəzər Lənkəran”ın formasında isə “Elşən” adının “Elshan” kimi yazılması xüsusi vurğulanıb.
Biz də adı hallanan klub rəsmiləri, həmçinin ölkə çempionatının təşkilatçısı olan PFL nümayəndəsinin məsələ ilə bağlı fikrini öyrənmək qərarına gəldik.
Şahgəldiyevin sözlərinə görə, Əsasnamədə qeyd olunub ki, formanın arxasında oyunçunun adı, soyadı və ya ləqəbi yazılmalıdı: “Məsələn, əksər braziliyalı futbolçuların tam adları çox uzundu, onun təxəllüsü ilə tanıyırlar. Amma sırf hansı dildə yazılmalıdı, bununla bağlı məcburiyyət yoxdu. Bunu klubların öhdəsinə buraxırıq. Bizdə əksəriyyət ingilis dilində yazılışa üstünlük verir. Bu da əlavə forma almamaq üçündü. Bu, daha çox Avrokubokda iştirak etmək şansı olan komandalara aiddi. Həmin klublar adları Azərbaycan dilində yazsalar, Avrokubok üçün başqa formalar sifariş verməli olarlar. Çünki Avrokubokda ingilis dili qəbul olunur. Bu məsələni tələb kimi qoymaq çətin bir şey deyil. Amma klubların da fikirlərini öyrənməyə çalışmalıyıq. Buna hazırdılarmı? Elə klub olur ki, Avrokubokda I mərhələdən mübarizəni dayandırır. Biz də deyilən tələbi qoysaq, həmin klub o 3 dəst formadan bir mövsüm istifadə edə bilməyəcək. Bu məsələ bəzi klublar üçün böyük xərc sayıla bilər. Klublar 4 dəst ingilis, 4 dəst də Azərbaycan dilində yazılan forma sifariş verməyə razı olarsa, gələcəkdə bu məsələyə baxıla bilər”.
“Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu bununla bağlı xüsusi bir göstəriş almadıqlarını vurğulayıb: “Yadıma gəlir ki, o vaxt adlar qısaldılmış halda yazılırdı. Yalnız Avrokubokda iştirak edən komandaların futbolçularının adları ingilis dilində yazılmalıdı. Ancaq Azərbaycan çempionatı ilə bağlı hansısa bir qadağa yoxdu. Yenə də AMEA Nəsimi adına Dilçilik İnstitutu, xüsusən də, onun Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli bu məsələni şişirdirsə, buna hörmətlə yanaşırıq. Bayaq da dediyim kimi, bu günə qədər hansısa qadağa olmayıb. Hansısa bir qərar verilsə, klub olaraq buna riayət edəcəyik”.
Məsələyə münasibət bildirən “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov isə bununla bağlı AFFA-dan rəsmi məktub alacaqları təqdirdə hansısa addım ata biləcəklərini söyləyib: “Biz “Neftçi” klubu olaraq Dilçilik İnstitutunun fəaliyyətini yüksək qiymətləndiririk. Qulu müəllimə də böyük hörmətimiz var. Amma o, özü də dediyi kimi, AFFA-ya bununla bağlı müraciət etməyi planlaşdırırlar. Onların müraciətindən sonra AFFA-dan da bizə hər hansı bir rəsmi müraciət daxil olarsa, hansısa dəyişiklik etmək olar. “Neftçi” PFL-in bayrağı altında keçirilən yarışlarda iştirak edir. Əsasnamədə də konkret göstərilmir ki, adlar hansı dildə olmalıdı. Orda var ki, futbolçunun adı, yaxud soyadı qeyd edilməlidi. Ancaq yenə də deyirəm, AFFA tərəfindən bizə rəsmi müraciət olarsa, təbii ki, müvafiq addım atacağıq”.
Ruslan SADIQOV