[b]Vaqif Cavadov: Roman Qriqorçuk yeni gələndə də belə idi[/b] - MÜSAHİBƏ
04.11.2015 - 12:25
[b]Vaqif Cavadov: Roman Qriqorçuk yeni gələndə də belə idi[/b] - MÜSAHİBƏ

“Qəbələ”nin futbolçusu Vaqif Cavadovun apasport.az saytına müsahibəsi

 

- Hazırda çox yaxşı formada olan bir komandaya – Dortmund “Borussiya”sına qarşı oynayacaqsız. “Qəbələ”dən bu görüşdə sensasiya gözləməyə dəyərmi?

- Biz zəif olsaydıq, bura qədər gəlməzdik. Dortmunda gəlmişik ki, var-gücümüzlə oynayaq. “Borussiya” ilə Bakıdakı görüşü nümunə götürmək olmaz, çünki uduzduq. Amma həmin matçda komanda yaxşı təsir bağışlamışdı, qol imkanlarımızın sayı çox idi. Birinci 15 dəqiqədə 2 qol vursaydıq, oyunun necə nəticələnəcəyini bilmək olmazdı. “Borussiya” yaxşı forma yığıb, hazırda Bundesliqada ikinci yerdədi. Bu dəqiqə onlarda ab-hava bizdəkindən yaxşı ola bilər. Çünki son oyunlarda qalib gəlirlər. Bizdə isə son matçlarda nəticə qənaətbəxş deyil. Buna baxmayaraq, əhval-ruhiyyəmiz qaydasındadı. Öz oyunumuzu oynasaq, Dortmundda qalib gələ də bilərik. Komandanın bütün üzvləri yaxşı nəticəyə imza atacağımıza inanır.

 

- Özünüz də qeyd etdiniz ki, son oyunlarda yaxşı nəticələr əldə edə bilmirsiz. Bunun səbəbi nədi? Bəlkə “Qəbələ”nin iki “cəbhə”də oynamağa gücü çatmır?

- Mən belə deməzdim. Hər iki “cəbhə”də çıxış etməyə gücümüz var. Oyunlarda da çoxlu qol imkanlarımız olur. Sadəcə, ya hakim təmiz qollarımızı saymır, ya da ki uğur bizdən üz döndərir. AZAL-la matçda 2 qol vurduq, saymadılar. Bu da öz sözünü deyir. Əgər həmin qollarımız sayılsaydı, xallarımız indi daha çox idi. Yenə də bunu böyük problemə çevirmək lazım deyil. Başımızı aşağı salıb, məşqimizi edirik və oyuna hazırlaşırıq. Bütün uşaqlar da dərk edir ki, “Borussiya” ilə matç bizə təcrübə qazandıracaq. Hamımız “Qəbələ”nin uğurları üçün çalışırıq.

 

- “Xəzər Lənkəran”dan “Qəbələ”yə məhz Avroliqada komandaya kömək etmək üçün gətirilmişdiz. Amma hələ ki, UEFA-nın ikinci ən mötəbər klub turnirində “Qəbələ”nin heyətində debüt etməmisiz...

- Bəli, mən “Qəbələ”yə həmin məqsədlə gəlmişəm. Oynamamağıma baxmayaraq, komandaya kömək etməyə hazıram. Kimin əsas heyətdə yer alması baş məşqçidən asılıdı, çünki bütün qərarları o verir. Mən heç vaxt öz oyunumu təhlil etməmişəm. Özümü hər oyuna hazırlayıram.

 

- “Qəbələ”nin qrupdan çıxmaq şansı nə qədərdi və Avroliqada oynamağınız komandanın ölkə çempionatında uğurlu çıxış etməsinə mane olurmu?

- Avroliqada hələ şansımız var. “Borussiya” ilə oyundan əlavə, daha 2 görüşümüz qalır. Yekun sonluğu zaman göstərəcək. İndi biz o barədə düşünmürük. Hazırda bizim üçün ən vacib məsələ “Borussiya” ilə oyundu. İstəyirik ki, Dortmunddan yaxşı nəticə ilə qayıdaq. O ki qaldı Azərbaycan Premyer Liqasındakı çıxışımıza, çempionat uzun marafondu, hələ çoxlu oyunumuz var. Buna görə də, son turlardakı xal itkilərimiz faciəyə çevrilməməlidi. Hazırda ikinci yerdə gedirik və “Qarabağ”la aramızdakı xal fərqi elə də çox deyil. Hələ onlarla da qarşılaşacağıq, deməli, bu xal fərqini aradan qaldırmaq olar.

 

- Demək istəyirsiz ki, “Qəbələ” bu mövsüm “Qarabağ”ın hegemonluğuna son qoya biləcək?

- Əlbəttə ki. Yenə deyirəm, hələ çox oyun var. Hamı bilir ki, “Qəbələ”nin hədəfi çempionluqdu. Bunu futbolçular da dərk edirlər. Biz də istəməzdik ki, xal itkilərinə yol verək. Çünki itirilən xallar bizə çox lazım olacaq. Amma futbolda bu, qaçılmazdı. Səhv etmirəmsə, Roman Qriqorçuk “Qəbələ” gəldiyi ilk vaxtlar da belə idi. 3 oyun uduzduqdan sonra ardıcıl qələbələr qazanmağa başlamışdılar.

 

- Söz-söhbətlər özünü doğrultsa və Qriqorçuk Ukrayna yığmasına getsə, bu, sizin “Qəbələ”dəki karyeranıza necə təsir edə bilər?

- Mənə heç bir təsiri olmaz. Baş məşqçinin qalıb və ya getməsinə özü, bir də klub rəhbərliyi qərar verər. Mən komandaya yeni qoşulmuşam. Bəli, “Qəbələ”yə Qriqorçukun istəyi ilə gətirilmişəm. Açığı, gedəcəyinə inanmıram. Çünki komandaya uğur qazandırıb. Belə olan halda, niyə ayrılsın ki? Amma futbol həyatıdı və karyerası ilə bağlı özü qərar verməlidi.

 

- Əfran İsmayılov qayıtdı, Elvin Məmmədov qayıtdı. Yəqin ki, söhbətin nədən getdiyini anladız. Vaqif Cavadov da nə vaxtsa onların yolunu tutub, “Qarabağ”a dönə bilərmi?

- (Gülümsəyir). Mən həmişə demişəm ki, “Qarabağ” karyeramda mühüm yer tutub. Heç vaxt bu klubu, azarkeşlərini unutmaram. Futbolda hər şey ola bilər. Bununla bağlı indidən konkert söz deyə bilmərəm. Amma “Qarabağ”da çıxış edən hər bir futbolçuya və klub rəhbərliyinə uğurlar arzu edirəm. İnanıram ki, uğurlarının ardını gətirəcəklər.

 

Tengiz MƏMMƏDOV / Dortmund 

0