Topaz Premyer Liqasının XII turu çərçivəsində öz meydanında “İnter”lə heç-heçə (1:1) oynayan “Qəbələ” klubunun müdafiəçisi Ruslan Abışov jurnalistlərə müsahibəsində apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.
- Növbəti dəfə xal itirdiniz. Oyun barədə fikirləriniz nələrdi?
- Oyun haqqında nə deyim? Evdə çıxış edirdik. 6 oyundu vacib xallar itirmişik. Hazırlaşmışdıq bu dəfə qələbə qazanıb tilsimi qıraq. 90 dəqiqə bizim üstünlüyümüz şəraitində keçdi. Hücum edən tərəf biz idik. Əlimizə düşən qol epizodlarından istifadə edə bilmədik. Məncə, artıq bu vəziyyətdən çıxmağın vaxtıdı. Getdikcə hər şey bizim üçün çətinləşir. Ancaq inanırıq ki, milli komandanın çıxışı ilə bağlı yaranacaq fasilədən sonra hər şey bizim üçün yaxşı olacaq.
- “Qəbələ”nin hazırkı vəziyyətə düşməsinin səbəbi nədi?
- Hər kəs görür ki, əksər oyunlarda 90 dəqiqə hücum edən tərəf biz oluruq. Nədənsə, qol epizodlarından yararlana bilmirik. Sanki komanda tilsimlənib, qol vurmaqda çətinlik çəkir. Məncə, bu psixoloji səddi aşmaq lazımdı ki, qarşıdakı görüşlərdə xallar itirməyək.
- Komandanın uğursuz çıxışı baş məşqçi Roman Qriqorçukun Ukrayna yığmasından dəvət alması ilə bir əlaqəsi varmı?
- Açığı, bu barədə heç birimiz fikirləşmirik. Qriqorçuk sona qədər bizimlədi. İnanıram ki, belə vəziyyətdə komandanı qoyub getməyəcək.
- Sergey Zenyovun erkən əvəzlənməsinin çıxışınıza nə kimi təsiri oldu?
- Əlbəttə təsir etdi. Çünki bir gün əvvəldən bilirdik ki, hansı sistemdə çıxış edəcəyik. Çünki Zenyovun fərqli vəzifəsi var. Onun əvəzinə meydançaya daxil olan Samir Zərgərov da yaxşı çıxış etdi. Deməzdim ki, o, Zenyovdan pis təsir bağışladı.
- Tez-tez qol buraxmağınız müdafiə xəttində boşluqların olmasından xəbər vermir?
- Tez-tez deyəndə ki, son iki görüşdə qol buraxmışıq. “Kəpəz”lə matçda əks-hücumdan qapımıza qol vurdular. “İnter” də həmçinin bizi əks-hücumda yaxaladı. Futbolda belə hallar olur. Əsas odur ki, səhvlərdən nəticə çıxaraq, qarşıdakı oyunlarda bunları təkrarlamayaq.
- Yorğunluğun buna təsiri varmı?
- Düşünmürəm ki, yorğunluq var. Sadəcə, komandanın üzərində psixoloji gərginlik var. Qol vurmaq problemini yoluna qoymaq lazımdı. Ondan sonra hər şey qaydasına düşəcək.
- Noyabrın 17-də yığma komandamız Moldova ilə qarşılaşacaq. Belə bir yoldaşlıq görüşünün Bakı Olimpiya Stadionuna salınması nə dərəcədə doğrudu?
- Bu stadionda çıxış etmək yaxşıdı. Amma azarkeş sayı ilə bağlı fikir bildirməyim doğru olmaz. Federasiya artıq qərar verib. Futbolçunun vəzifəsi harda olursa-olsun, çıxıb oynamaqdı.