“İnter”in yarımmüdafiəçisi Nizami Hacıyevin apasport.az saytına müsahibəsi
- Topaz Premyer Liqasının XII turunda “Qəbələ” (1:1) ilə səfərdə bərabərə qaldınız. Qarşılaşma barədə nə deyə bilərsiniz?
- Azərbaycanın ən yaxşı komandalarından birinə qarşı çıxış edirdik. “Qəbələ” çox güclü klubdu, yaxşı hücum xəttinə malikdi. Müdafiə və yarımmüdafiəçiləri də yüksək səviyyəli oyunçulardan qurulub. Rəqibi öncədən təhlil etmişdik, çətin olacağını da bilirdik. “İnter”in oyunçusu kimi, nəticədən razıyam.
- Çempionatda son 3 oyunun hər birində heç-heçə etmisiniz. Bu itkilər sizi narahat etmir?
- Doğrudu, bunlar itkidi. Amma gəlin razılaşaq ki, belə əhval-ruhiyyədə “Qəbələ” kimi rəqiblə səfərdə heç-heçə ediriksə, bunun özü bir qəhrəmanlıqdı. Özümüzdə güc tapıb meydançaya çıxırıqsa və əlimizdən gələni ediriksə, bu, təqdirəlayiq hal sayılmalıdı.
- Heç-heçə etdiyiniz 3 oyundan 2-də qələbə qazansaydınız, indi turnir cədvəlində ikinci pillədə idiniz...
- Razıyam. “Qəbələ”ni məğlub etsəydik, daha yuxarı pillədə yer alardıq. “Neftçi”, “Zirə” və “Qəbələ” ilə oyunlar artıq geridə qalıb. Bunları unutmalıyıq. Qarşıdakı matçlarda xallar qazanıb, liderlərə yaxınlaşmağa çalışacağıq.
- Ötən həftəiçi komanda daxilində narazılıq baş qaldırmışdı. Maaşlarınızı tələb edirdiniz, hətta məşqə çıxmaqdan da imtina etmişdiniz. Belə vəziyyətdə motivasiya aşağı səviyyədə olmur?
- Vallah, bu komandada motivasiya deyilən bir şey görmürəm. Bu klubda yeganə olan amil peşəkarlıqdı. Hər şey futbolçuların özlərinə, baş məşqçiyə hörmətindən qaynaqlanır. İnamla yaşayırıq. İnanırıq ki, bu gün-sabah rəhbərlikdən şad xəbər gələcək, bizə yardım əllərini uzadacaqlar.
- Bir ara rəhbərlikdən heç kimin üzə çıxmamasından şikayətlənirdiniz. Rəhbərlik üzə çıxıb artıq?
- Deyilənlərə görə, Beynəlxalq Bank bizə sponsorluq edəcək. Danışıqların getdiyini eşitmişik. Amma bunun hansı səviyyədə olmasından xəbərimiz yoxdu.
- Sentyabrın maaşlarını yeni almısınız. Bəs ötən ayın maaşından bir xəbər varmı?
- Baş mühasibimizlə bu məsələ ilə bağlı söhbət etmişik. Dedi ki, bu ayın 20-nə qədər oktyabrın maaşını alacağıq. Buna inanırıq. Başqa əlacımız da yoxdu.
- “İnter”in maliyyə problemi olduğu bir vaxtda medalçılar sırasına iddia etməsi digər komandaların zəif olmalarından xəbər vermir?
- Mən deməzdim ki, digər komandalar zəifdi, peşəkar deyil. Sadəcə olaraq, bizim komandada oyunçular hadisələrə həm fərdi, həm də kollektiv şəkildə peşəkar yanaşa bilirlər. Komandada indi özünə hörmət etməyən futbolçular olsaydı, “İnter” bu nəticəni göstərə bilməzdi. Bəli, bu gün pulumuz yoxdu. Elə “Qəbələ” ilə matça nəzər yetirin. Baxın, qışda qısaqol formada çıxış etdik, çünki başqası yoxdu. Bir forma ilə artıq ilk yarını başa vururuq. Vallah, çox acınacaqlı durumdayıq. Amma özünə hörmət edən futbolçu meydançaya kiməsə problemini göstərməyə çıxmır. Meydançadan kənarda həm komandanın prezidentinə, həm də digər rəsmilərimizə öz narazılığımı bildirə bilərəm. Bu mənim haqqımdı. Çünki mənə layiqincə qayğı göstərilmir. Amma çıxıb meydançada kiməsə göstərməli deyiləm ki, ay camaat, pul almıram, mənə kömək edin. Meydança daxilində isə mənə yalnız komanda yoldaşlarımın köməyi lazımdı.
Ruslan SADIQOV